15:57, 04 Oktyabr 2019 (Cümə) 151

Dövlətin məcburi köçkünlərə iş vermək öhdəliyi varmı?

Dövlətin məcburi köçkünlərə iş vermək öhdəliyi varmı?
29 məcburi köçkün Nazirlər Kabinetini məhkəməyə verib. 

Azadlıq radiosunun məlumatına görə, işsizlikdən və imkansızlıqdan əziyyət çəkən şikayətçilər məhkəmədən tələb edirlər ki, Nazirlər Kabinetinin üzərinə onların işlə təmin olunmasından ötrü tədbir görmək öhdəliyi qoysun. 

Məcburi köçkünlər bu tələblərinə hüquqi əsas kimi, Nazirlər Kabinetinin «Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında» 181 saylı, 10 may 1994-cü il tarixli qərarı göstəriblər. Qərarın 1-ci bəndində Nazirlər Kabineti icra hakimiyyəti orqanlarına büdcədən maliyyələşən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili işlə təmin edilməsi üçün tədbirlər görmələrini tapşırıb. Sonradan həmin qərarın müddəti bir neçə dəfə uzadılıb.

Məcburi köçkünlər bu tələblə öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutublar. Məhkəmə onların Nazirlər Kabinetinə qarşı iddiasına baxmaqdan imtina edib – iddia mümkün sayılmayıb. Bu qərardaddan apelyasiya şikayəti veriblər. Amma Bakı Apelyasiya Məhkəməsi də qərardadı qüvvədə saxlayıb. Onlar apelyasiya məhkəməsinin qərarından da Ali Məhkəməyə şikayət veriblər. Bu günlərdə işə baxan Ali Məhkəmə də aşağı instansiya məhkəmələrinin qərarlarını haqlı sayıb – məcburi köçkünlərin kassasiya şikayəti təmin edilməyib.

Amma Ali Məhkəmə öz qərarında məcburi köçkünlərə Konstitusiya Məhkəməsinə üz tutmağı tövsiyə edib. Onların iddia ərizəsində tələblərdən biri də budur ki, məhkəmə «işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əməkhaqqı miqdarında müavinətin verilməsi müddətinin uzadılması» barədə də yeni qərar qəbul etsin: «Bizi işlə təmin etmirlər, müavinəti də kəsiblər, biz necə dolanaq?»

Hüquqşünas Fərhad Mehdiyev Toplum TV-yə deyib ki, Nazirlər Kabinetini hərəkətsizliyinə görə məhkəməyə vermək imkanı Azərbaycan qanunvericiliyində nəzərdə tutulmur. Ona görə də məhkəmə iddianı mümkünsüz sayıb: "Nazirlər Kabinetinə qarşı, Nazirlər Kabinetinin qərarlarına qarşı məhkəməyə getmək olmaz. Lakin Nazirlər Kabinetinin sərəncamlarına qarşı inzibati məhkəməyə üz tutmaq olar. Burada məcburi köçkünlərin istədikləri budur ki, Nazirlər Kabineti onların işlə təmini ilə bağlı bir ümumi qərar qəbul etsin. Bu, prosessual olaraq mümkün deyil. İnzibati məhkəməyə  inzibati aktlarla bağlı getmək olur. Yəni konkret müəyyən şəxlərə qarşı alınan qərarlardan söhbət gedir. Ona görə Ali Məhkəmə iddianı mümkünsüz sayıb. Əsas bu hissə nəzərdən qaçırılıb”.
 
 
 
Fərhad Mehdiyev 

Hüquqşünas onu da qeyd edib ki, işin məzmununa yönəlsək, dövlətin heç kimə iş vermək  öhdəliyi  olmamalıdır: "Bu anlayış ümumiyyətlə unudulmalıdır. Xaricdə dövlətin iş yeri açması o deməkdir ki, münbit iqtisadi şərait yaradılır, camaat biznes qurur və bununla da əmək bazarındakı işsizlik aradan götürülür. Yoxsa  belə olmasa, 100 minlərlə  məcburi köçkünlər var, gərək dövlət onların hamısına iş yeri açsın, onlara büdcədən  maaş versin. Belə olan halda bu cür yanaşmaya məcburi köçkün olmayan şəxslər etiraz edəcəklər. Çünki dövlət büdcəsindən ödənən maaş  insanların vergisindən toplanan puldur. Amma köçkünlər dövlət tərəfindən onlara  torpaq sahələrinin ayrılmasını istəyə bilərdilər. İddia bu cür yazılmalı idi. Yəni torpaq sahələri ayrılsın və orada əkinlə məşğul ola, kənd təsərrüfatı iqtisadiyyatına yiyələnə bilsinlər”. 

Fərhad Mehdiyevin sözlərinə görə, məcburi köçkünlər işsizlik müavinəti də istəyə bilərlər: "Bu, ciddi problemdir, ölkəmizdə işsizlik müavinəti yoxdur. Pensiya verilməsini də tələb etmək olardı. Azərbaycan Respublikası sosial-hüquqi dövlətdir. Avropa dövlətlərinin çoxu bu sosial konsepsiyanı daşıyır. Həmin konsepsiya tələb edir ki,  dövlət vətəndaşları sağlamlıq, təhsil, pensiyaya hüquqları ilə təmin eləsin.  Amma iş vermək hüququ yoxdur.  İşləmirsə, işsizlik müavinəti verilməlidir. Heç bir dövlətin iş vermək kimi bir öhdəliyi yoxdur. Bu, dövlətə çox  ağır bir yük gətirər”.

Elmar Əziz