16:51, 14 Sentyabr 2019 (Şənbə) 230

"Heç Nigeriyada da belə asılılıq olmayıb, indi də yoxdur..." - Natiq Cəfərli

"2019-cu ilin yanvar-iyul aylarında ölkədə 12 mlrd. 267 mln. dollarlıq ixracat olub".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli feysbuk hesabında paylaşıb. 

O deyib ki, xammala bağlı ixracat - 11 mlrd. 166 mln. dollar təşkil edib: 
"Xam neft - 9 mlrd. 541 mln. dollar;
Neft məhsulları - 307 mln. dollar;
Təbii qaz - 1 mlrd. 262 mln. dollar;
Elektrik enerjisi - 56 mln. dollar”.

Ekspert bildirib ki, 5,5 mln. nəfər əmək qabiliyyəti olan əhalinin ixracatda payı 1 mlrd. 101 mln. dollar təşkil edir: 

"Yerdə qalır 1 mlrd. 101 mln. dollar, yəni 11 mlrd.166 mln. dolları 150 min nəfərin çalışdığı sahələr ixrac edib, yerdə qalan 5,5 mln. nəfər əmək qabiliyyəti olan əhalinin ixracatda payı 1 mlrd. 101 mln. dollardır.
Ən çox satdığımız qeyri-neft məhsulu meyvə-tərəvəzdir - 345 mln. dollarlıq ixracat olub. Hökumət deyir ki, aqrar sahəni inkişaf etdirib pul qazanacağıq - bu nağıldır, mifdir. Xammala bağlı ixracatı əvəz etmək üçün aqrar sahədə məhsul istehsalını və ixracatını 32 dəfə artırmaq lazımdı və bu mümkün deyil. Ölkənin torpaq sahəsi, su resursları, məhsuldarlığın səviyyəsi buna imkan vermir. Ölkənin neftdən asılığını deyəndə həm də bu amilləri nəzərə alırıq", - o deyib.

İqtisadçının sözlərinə görə, ölkə büdcəsinin təkcə birbaşa neftdən asılılığı 57%-dir: "Gələn ilin büdcəsinin birbaşa neftdən asılığı 57%-dir, amma dolayı asılılıq da var. Həmin 57% neft pulu büdcədən maaş və təmir-tikinti, investisiya layihələri şəklində ayrılır - büdcədən maaş alanlar 14% vergi verib həmin pulun bir hissəsini büdcəyə qaytarır, 3%-də sosial müdafiə fonduna ödəyir - yəni, o da əsasən büdcə pulu hesabına dolur.
Hər il büdcədən təmir-tikinti və investisiyalara ayrılan 6-8 mlrd. manat ölkədə iqtisadi canlanma yaradır, həmin vəsaitin bir hissisə podratçı və subpodratçı şirkətlərin gəlir və digər vergi öhdəlikləri kimi yenidən büdcəyə dönür - adını da qeiri-neft sektorundan gələn vergi ödəməsi qoyurlar.
İşçilər büdcədən aldıqları maaşı ticarətdə xərcləyirlər - o sahədə də vergi öhdəlikləri yaranır, həmin pulun bir hissəsi büdcəyə dönür, buna da qeyri-neft sektoru deyirlər.
Real vəziyyət budur, neft olmasa acından oboy yeyərik, dünyada xammaldan ən çox asılı ölkə bizik - heç Nigeriyada da belə asılılıq olmayıb, indi də yoxdur..."

Nərgiz Absalamova