17:50, 05 İyul 2019 (Cümə) 117

Həkimdən "günvurma" xəbərdarlığı

Həkimdən
Havaların isti keçməsi səbəbindən tez-tez mütəxəssislərdən xəbərdarlıq eşidirik. 

Onların fikrincə, isti hava həm xəstə, həm də sağlam insanlarda müəyyən problemlər yarada bilər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, ötən ay günvurma ilə bağlı 14 nəfər müraciət edib.

Aparılan tədqiqatlar göstərir ki, isti havalarda ürək tutmaları və miokard infarktlarına daha çox rast gəlinir. Belə ki, isti hava şəraitində işləyən və ya açıq havada çox olan insanlarda ürəklə bağlı ciddi narahatlıqlar müşahidə olunur. Həkimlər xüsusi ilə isti yay günlərində ehtiyatlı olmağı məsləhət görürlər. Ümumiyyətlə, ürəkdə narahatlığı olan insanlara bu aylarda mütəmadi həkim müayinəsindən keçmək məsələhət görülür. Bəs havaların isti keçməsi insalarda hansı fəsadlar yaradır? İsti havalarda nə etmək lazımdır? 

Bu barədə Toplum Tv-yə danışan tibb elmləri doktoru Adil Qeybulla insanların bu havalarda günəş altında çox olmamalarını məsləhət görüb: "İsti havalarda kapilyarların genişlənməsi, dəri tənəfüssünün artması bir müddət sonra bədəndə temperaturun artmasına gətirib çıxarır. Bu da sonradan gün vurması ilə nəticələnir. Günvurma ciddi hadisədir. Bu zaman termorequlasiya pozulur, qan təhcizatı pisləşir”.
 
 
Adil Qeybulla 

Onun sözlərinə görə günvurma halı baş verdikdə ilkin tibbi yardım çox önəmlidir: "Günvurmanın ilkin əlamətləri olduğu zaman zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verib, üzünü və sinəsini soyuq su ilə silmək olar. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu, mümkün olmadıqda soyuq su ilə kompress qoymaq faydalıdır. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul – paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün”.

Adil Qeybulla bildirib ki, istivurma və günvurma halları ən çox uşaqlar və hamilə qadınlar üçün təhlükəlidir: "Günvurma hadisəsi zamanı insanda huşunu itirmə, soyuq tər basma halları olur. Günvurma hadisəsi ultrabənövşəyi şuaların təsiri nəticəsində baş verir. Bu havada ürək-damar xəstəliyi olanlar, uşaqlar və hamilə qadınlar daha çox diqqət etməlidirlər. İnsanlar çalışmalıdır ki, saat 12-dən 6-ya qədər günəşin altında olmasınlar”.

Əbülfət Baxşəli