16:50, 13 Yanvar 2020 (Bazar ertəsi) 364

Həkimsiz qalmış “həkim məntəqəsi...”

Həkimsiz qalmış “həkim məntəqəsi...”
Kürdəmir rayonu Köhünlü kənd həkim məntəqəsi çoxları üçün ümid ocağı olsa da, indi özü ümidsiz haldadır. El dili ilə desək, allahın ümidinə buraxılıb. Nə qapısını döyüb içəri girən  var, nə də halından xəbər tutan...
 
 
 
"Mal tövləsi bizim məntəqədən yaxşıdır”
 
 
Məntəqədə 11 kiçik tibb işçisi – tibb bacısı işləyir. Onlar da bu tibb müəssisəsinin ağır durumundan narahatdır.
Tibb bacısı  Dilbər Əlhəsənova Toplum.Tv– yə deyir ki, məntəqədə durum olduqca ağırdır: "Rütubət, nəmişlik adamı öldürür. Mal tövləsi buradan yaxşıdır”.
 
 

"Bizə şərait yaratmırlar”
 
 
Baş tibb işçisi əvəzi Minə Şükürova da buradakı mənzərəni ürək ağrısı ilə izah edir: "İstiliyi yox, işığı yox. Gələnlərə də sistemi ayaq üstə vururuq. Şəraiti yoxdur, daha doğrusu, bizə şərait yaratmırlar”.
 
 
"Məntəqəmizdə heç həkim də yoxdur”
 
 
 
Tibb işçilərinin dediyinə görə xəstələr, əsasən, rayon mərkəzi xəstəxanasına gedirlər: " Müalicə kursu təyin ediləndən sonra lazımi köməkliyi biz edirik. Bəzən bunu öz hesabımıza edirik. Məntəqəmizdə heç həkim də yoxdur”.
 


"Birin verəndə, beşini vermirlər...”
 
 
Onlar deyirlər ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən dərmanlar kifayət etmir. Əhali demək olar ki, bütün dərman preparatlarını özü alır.
 

 
Minə Şükürova Toplum.Tv – yə bildirib ki, bəzən kasıb ailələr üçün özləri xərc çəkib dərman alırlar: " Bura məntəqə olduğuna görə dərmanlar mərkəzi xəstəxanadan gəlir. Onlar da birin verəndə, beşini vermirlər. Məcbur qalıb öz cibimizdən xərc çəkirik.”
 
 
 
"44 ildə bircə dəfə təmir”
 
 
 
Sovetdən qalma çarpayılara elə bil, heç o vaxtdan əl də vurulmayıb. Köhnə yastıqlar,  döşəklər də tozun içindədir. Nə soyuqdan qoruyan pəncərəsi var, nə də içərsini qızdıracaq istilik sistemi. Divarları da uçuq – sökükdür. 
 
 

44 ilin işçisi Minə Şükürova bu illər ərzində məntəqədə əsaslı təmirin aparılmadığını deyir: "44 ildə bircə dəfə yüngülvari təmir olunub. Ondan başqa heç bir təmir aparılmayıb. Təsəvvür edin ki, 40 – 50 – ci illərin tikilisi  bircə dəfə təmir olunmayıb”.
 
 

"Dəfələrlə müraciət etmişik...”
 
 
Dilbər Əlhəsənova deyir ki, dəfələrlə müraciət etsək də, faydası olmayıb: "Bu məntəqənin şəkilləri də çəkilib, ərizələr də yazılıb, ancaq heç bir nəticəsi yoxdur. Qonşu kəndlərdə stasionar xəstəxanalar var. Heç onları da təmir etmirlər”.
 
 

"Səhiyyə nazirliyi özü nə vaxt istəsə, oranı tikə də bilər, sökə də.”
 
Tibb işçiləri deyirlər ki, problemi yalnız nazirlik səviyyəsində həll etmək mümkündür: "Nazirlik istəsə, problemi həll edə bilər, amma etmirlər. Hamı bilir ki, nazirlik özü nə vaxt istəsə, oranı tikə də bilər, sökə də. Ona görə də istəyirik ki, ölkə rəhbərliyi bu məsələyə diqqət ayırsın”. 

Problemlə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədilər.
 
Şəbnəm Adil