16:52, 04 Oktyabr 2017 (Çərşənbə) 578

"Həqiqəti söyləməklə də uğur qazanmaq olar"- AUDİOMÜSAHİBƏ

Son günlər iki nüfuzlu beynəlxalq mükafata layiq görülən araşdırmaçı jurnalist Xədicə İsmayıl barədə bir sıra media orqanlarında və sosial şəbəkələrdə tənqidi yazılar yayımlanır. 
 
Oktyabrın 3-də isə jurnalist Binəqədi rayon 5-ci polis bölməsinə çağırılaraq dindirilib. O, bunu mitinq və fəaliyəti ilə əlaqələndirib.
 
Toplum.Tv bütün bunları nəzərə alaraq, Xədicə İsmayıldan müsahibə alıb. Jurnalist son günlər yaşananları belə dəyərləndirib: 

- Xədicə xanım, ard-arda 2 mükafat qazandınız. Gözlənilən idimi? 

- Bir-birindən fərqli zamanlarda mənə məlumat verildi ki, bu mükafatlara namizədəm. Və ümidim yox idi ki, qazanacağam. Amma elə mükafatın elan olunmasına bir neçə gün qalmış xəbərim oldu ki, "Dürüst yaşam mükafatını” qazanmışam. Digər mükafat isə ayın 28-i (sentyabr. red) elan olunanda xəbər tutduq. 

- Mükafatların ardınca sosial şəbəkələrdə və bəzi media orqanlarında sizin haqqınızda bir neçə yazı yayımlandı. Sizcə, bu planlaşdırılmış şəkildə baş verir, yoxsa qısqanclıqdandır? 

- Hökümət indiyə kimi bütün cəmiyyətə sübut etmək istəyib ki, insanlar hökumətin kölgəsindən qıraqda uğur qazana bilməzlər. Yaltaqlanmadan, rüşvət verib-almadan, nadürüst işlər görmədən uğur qazanmağın mümkünsüzlüyü - bu, hökumətin fəlsəfəsidir. Onlar bunu xalqa təlqin edirlər ki, xalq yaxşı işlər görmək barədə heç düşünməsin də. Yalnız hökumətin kölgəsində, nadürüst işlərlə onların süfrəsindən atılan bir tikə paylardan yesin. Məhz buna görə yalan danışdığına görə jurnalistlərə ev verirlər, insanları "paket-rüşvət iynəsinə oturdurlar". Bütün bunların ziddinə olaraq kimsə bu sistemdən kənarda uğur qazanırsa, bu, hökumətin hekayəsini öldürür. Məsələ mənim hədəf olmağım ya da hökumətin öz adamlarının mükafatçı olmasını istəməsi deyil. Məsələ ondadır ki, onlar ümumiyyətlə öz hekayələrinin öldürülməsi ilə narazıdırlar. Burada hədəf mən deyiləm, hədəf insanı insan eləyən dəyərlərdir. Onlar istəyirlər ki, heç kim uğur qazanmasın, yalnız hökumətə qulluq etdiyi, başqasına şər atdığı, yalan danışdığı və vicdanını satdığı üçün hökumətdəki oliqarxların süfrəsindən tullantılarla dolansın adamlar. Uğur göstəricisi o olsun ölkədə. Biz isə fərqli uğur göstəricisi qoyuruq, göstəririk ki, həqiqəti söyləməklə də uğur qazanmaq olar. Bununla da narazıdılar. 

- Yazılan yazılarla bağlı hansısa addım atmaq fikriniz varmı? 

- Yazıları hələ ki oxumamağa çalışıram. Çünki indi daha ciddi işlərlə məşğulam. Konsentrasiya tələb edən başqa işlər var. Amma bir müddət sonra hər şeyi nəzərdən keçirdib qərarımı yeniləyə bilərəm. İndi sadəcə konsentrasiyamı pozmaq istəmirəm, daha önəmli araşdırmalar üzərində işləyirəm. 

- Ötən gün polis bölməsinə çağırılmışdınız. Məqsəd nə idi, sizcə?

- İki məqsəd var idi. Mitinqə gedənlərin hədəfdə olmasını göstərərək onları hürkütmək istəyirdilər. İkinci hədəf isə mənim şərti cəzamı, həqiqi cəza ilə əvəzləsinlər. Bundan ötrü sübut etməyı çalışırlar ki, mən, əslində, qeyd olunan ünvanda yaşamıram. 

- Və sonda bilmək olarmı mükafatlarınızdan gələn gəliri hansı istiqamətə xərcləyəcəksiniz?

- Bir neçə istiqamət üzərində hüquqi hazırlıqlar gedir, onlar hazır olmamış detalları vermək istəmirəm. Amma əsas ideyalardan biri digər jurnalistlər üçün mükafatların təsis olunmasıdır. Mən həbsdə olarkən dünyanın ən yaxşı vəkilləri və keyfiyyətli hüquqi yardım ilə təmin olunmuşdum. İstəyirəm ki, digər məhbusların da belə müdafiəyə çıxışı olsun. Ona görə də, bununla bağlı hansısa ideyalar üzərində düşünürük. Digər bir istiqamət isə korrupsiya araşdırmalarının sonrakı taleyi ilə bağlıdır. Biz faktları açırıq, bəs sonrası nə olsun?

Ofelya Ramilqızı
Toplum.TV