19:46, 19 Oktyabr 2020 (Bazar ertəsi) 196

Hərbi ekspert: "Azərbaycan əsirlərlə bağlı Cenevrə Konvensiyasına tam əməl edir"

Hərbi ekspert:
Xədicə İsmayıl: "İstənilən halda Azərbaycan tərəfi öz işinin haqq olduğunu göstərməlidir"


Sosial şəbəkələrdə Azərbaycandakı erməni hərbi yaralı əsrlərin xəstəxanada müalicə olunduğunu əks etdirən fotoşəkillər yayılıb.

Bu, sosial şəbəkələrdə bəzi azərbaycanlı istifadəçilərin etirazına səbəb olub.

Məsələ oktyabrın 18-də Azərbaycan və Ermənistan arasında növbəti humanitar atəşkəsdən sonra gündəmə gəlib.

Etirazçılardan biri keçmiş müstəntiq və beynəlxalq təşkilatların vaxtilə siyasi məhbus kimi tanıdığı Rüfət Səfərovdur.

O, bu barədə feysbuk hesabında paylaşım edib.

Sabiq müstəntiq hərbi əsirlərin xəstəxanadakı şəkillərini paylaşaraq hakimiyyətdən narazı vətəndaşlarıyla pis davranan Azərbaycan hökumətinin erməni əsrlərinə qarşı münasibətini qınayıb.

"Bu rejim onunla razılaşmayan həmvətənlərinə qan uddurdu. Uddurur! Erməni hərbi əsirinə göstərilən münasibətə baxanda açığı, dostlar, özümü mövcud üsul-idarənin gözündə errmənidən aşağı həddə bildim”, - Səfərov bildirib.

Azərbaycanlı jurnalist Xədicə İsmayıl isə belə hesab edir ki, Ermənistanın hər hansısa qeyri-insani davranışı Azərbaycanın da o cür davranışına haqq qazandırmır. İstənilən halda Azərbaycan tərəfi öz işinin haqq olduğunu göstərməlidir.

Hərbi əsirlərə qarşı münasibət necə olmalıdır? Azərbayan tərəfi Beynəlxalq hüququn normalarına nə qədər əməl edir?

Xədicə İsmayıl Ermənistan tərəfinin azərbaycanlı əsirlərlə necə davranmağından asılı olmayaraq, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərinin olduğunu bildirir: "Ümumiyyətlə, qayda budur ki, əsirlərin üzünü göstərmək ictimaiyyətin marağını öldürmək üçün onları afiş etmək, əsirlərin öz razılığı olmadan onların şəkillərini çəkmək olmaz. Bu, Cenevrə Konvensiyasında aydın şəkildə öz əksini tapıb. Qarşı tərəfin azərbaycanlı əsirlərlə necə davranmasından asılı olmayaraq Azərbaycanın üzərinə götürdüyü öhdəliklər var. Ölkə rəhbərliyi də dəfələrlə qeyd edib ki, Cenevrə Konvensiyasına uyğun davranmaq məcburiyyətindədir”.

Jurnalist hesab edir ki, Ermənistan tərəfinin hər hansısa qeyri-insani davranışı Azərbaycanın da o cür davranımağına haqq qazandırmır. İstənilən halda Azərbaycan tərəfi öz işinin haqq olduğunu göstərməlidir.

"Haqq işi o deməkdir ki, biz həm beynəlxalq, həm də humanitar hüquqa hörmət edirik. Və bu, bütün rəsmilərin bəyanatında öz əksini tapır. İstənilən halda silahını yerə qoymuş hərbi əsir təslim olmuş əsgərdir. Heç bir neqativ hal Azərbaycanın bu müharibədə haqlı tərəf olduğuna ləkə salmamalıdır”, - jurnalist deyir.

Hərbi ekspert Telman Əbilovun sözlərinə görə, Azərbaycan tərəfi hərbi əsirlərlə düzgün davranır və Cenevrə Konvensiyasına tam əməl olunur: "Mən erməni mətbuatında da izlədim, bizdə olan əsirlərin hətta qarşı tərəflə danışmasına da icazə verirlər. Hərbi əsirlərin dəyişdirilməsilə bağlı da bizimkilər dəfələrlə deyiblər, lakin Ermənistan tərəfdən heç bir təşəbbüs yoxdur”.

Hərbi ekspert Azərbaycanın Beynəlxalq aləmdə nüfuz qazanmasının əsas səbəbinin də qanunlara əməl etmək olduğunu düşünür: "Erməni əsirlərinə qarşı xalqda olan nifrət başadüşüləndir, amma Azərbaycanın üzərinə götürdüyü öhdəliklər var. Onlar hətta bizim mülki əhalini də vuranda biz deyirik ki, işimiz döyüş bölgəsindədir. Bizim onların mülki obyektlərini vurmağa kifayət qədər əsasımız var, amma bunu etmirik. Qanunlara hörmət etmək bizə nüfuz qazandıracaq. Bizə qələbə gətirəcək”.

Sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.

Aytac Məmmədova