16:20, 23 Sentyabr 2019 (Bazar ertəsi) 1074

Həyat yoldaşı: "Əfqan Muxtarlı dərmanlardan da imtina edib"

Həyat yoldaşı:
Araşdırmaçı jurnalist Əfqan Muxtarlı iki gündür ki, saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasını keçirir. 

Bu barədə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb. 

L. Mustafayeva bildirib ki, Ə.Muxtarlının səhhəti yaxşı deyil: "Artıq ikinci gündür ki, Əfqan aclıq aksiyasını davam etdirir. Dərmanlarını içməkdən də imtina edib. Sağlıq durumu yaxşı deyil”.
 
 
Leyla Mustafayeva 

Əfqan Muxtarlının acılıq aksiyasını vəkili Nemət Kərimliyə cəzaçəkmə müəssisəsində edilən təzyiqlərə etiraz olaraq keçirdiyi bildirilir. 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə "Azadlıq" Radiosuna deyib ki, dünənə qədər Əfqan Muxtarlının aclıq aksiyası keçirməsi ilə bağlı heç bir məlumat olmayıb. 

Jurnalist Xədicə İsmayıl Toplum.Tv-yə bildirib ki, Əfqan Muxtarlının son durumu ilə bağlı məlumat yoxdur: "Məndə ən son məlumat odur ki, Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb və ondan sonra məlumat yoxdur. Bu gün ümid edirəm ki, vəkillər onunla əlaqə saxlayarlar. Vətəndaş cəmiyyəti bütün siyasi məhbuslar və həbs olunmuş jurnalistlər kimi Əfqan Muxtarlının da azadlığını tələb edir”.
 
Xədicə İsmayıl 

X. İsmayıl vurğulayıb ki, Penitensiar Xidmətin məlumatı təzib etsə də, vətəndaş cəmiyyəti məsələni diqqətdə saxlayacaq: "Penitensiar Xidmət ümumiyyətlə, məlumatı danır. Amma çalışacağıq ki, bu məsələ nəzarətdə saxlanılsın. Hazırda bizim başlıca qayğımız onun sağlamlıq durumudur”.

Jurnalist onu da əlavə edib ki, Əfqan Muxtarlının dərmanlarından imtina etməsi haqqında da məlumat var və bu, çox təhlükəlidir. "Çünki Əfqan diabet xəstəsidir və o dərmanlarından imtina etməməlidir. O, dərmanlardan asılıdır. Əgər bunu edirsə, deməli, həqiqətən də, durum kritikdir, zorakılıq var və məhbuslara qarşı münasibət pisdir. Yəni ciddi səbəblər olmalıdır ki, həyatının asılı olduğu dərmanlardan imtina etsin”.
 
Hüquq müdafiəçisi Rəsul Cəfərov Əfqan Muxtarlı ilə bağlı hansısa ciddi addımları atmadıqlarını deyib:
"Yaxud koordinasiya etməmişik. Amma, bu kimi hallarda vətəndaş cəmiyyəti tərəfindən bir neçə addım atıla bilər. Birincisi beynəlxalq təşkilatları və beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. Biz bunu müəyyən mənada etmişik. İkincisi bu məsələ ilə əlaqədar narahatedici məqamları ifadə etməkdir. Bunun əsasında hakimiyyət strukturlarına müraciət özündə əksini tapır ki, bu kimi hallara yol verməsinlər və yol verilən halları da araşdırsınlar”.
 

Rəsul Cəfərov

Rəsul Cəfərov məsələ ilə bağlı hüquqi cəhətdən məhkəməyə şikayət edilə biləcəyini deyib:

"Nemət Kərimli özü də elan edib ki, cəzaçəkmə müəssiəsini və onun rəhbərliyini bu qanunsuz addımları ilə bağlı məhkəməyə verməyə hazırlaşır. Mən fikirləşirəm ki, hətta hüquq mühafizə orqanlarına rəsmi şikayət də göndərmək olar ki, bu məsələyə cinayət işi konseptində baxılsın. Nəticəsindən asılı olmayaraq, hansı qərar çıxacaq və necə baxılacaq bunun indiki halda əhəmiyyəti yoxdur. Ümumilikdə, hesab edirəm ki, siyasi məhbusları azadlığa buraxmağa çağırmalıyıq. Və bu çağırışları qaldırmalıyıq ki, bu məsələ kökündən həll olunsun. Ümumiyyətlə, siyasi məhbuslarla bağlı bu məsələlər ortaya çıxmasın. Məsələ elə bu şəkildə qoyulmalıdır, yəni fundamental həll olunmalıdır. Ayrı-ayrı hallarda da, məlumdur ki, müəyyən həll istiqamətləri var. Amma vacibiyyəti ondan ibarətdir ki, bütün siyasi məhbuslar dərhal  və qeyri-şərtsiz azadlığa buraxılsın”.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da "yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib. 

Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Aytac Ağazadə