10:48, 19 Fevral 2019 (Çərşənbə axşamı) 316

"Hicab məhbusu" azadlığa çıxıb

"Hicab məhbusu" kimi tanınan və sonradan həbs müddəti artırılan Telman Şirəliyev fevralın 18-də azadlığa çıxıb.

Hüquq müdafiəçisi Oktay Gülalıyev Azadlıq Radiosuna deyib ki, T.Şirəliyev orta və ali məktəblərə hicabla getməyə icazə verilməməsinə etiraz olaraq 2012-ci ildə Təhsil Nazirliyi önündə keçirilmiş aksiyada iştirak edib və bu zaman saxlanaraq 6 il həbs cəzası alıb: "O zaman T.Şirəliyevi ictimai asayişi, yol qaydalarını pozmaqda, hökumət nümayəndəsinə müqavimət göstərməkdə ittiham ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub".

Hüquq müdafiəçisinin sözlərinə görə, 2018-ci ildə 6 illik həbs müddətinin bitməsinə az qalmış T.Şirəliyevə əlavə cinayət işi açılıb: "Bu dəfə isə T.Şirəliyevin yastığının altından deşici alət tapıldığı bildirilib. Buna görə Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisələrində saxlanan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham edilib".

O.Gülaliyev deyib ki, Xətai Rayon Məhkəməsinin hökmünə əsasən, T.Şirəliyev 5 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə o, fevralın 18-də azad olunub.

6 gün öncə, fevralın 13-də AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də vaxtından əvvəl azadlığa buraxılıb. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb. O, 2015-ci ildə xuliqanlıqda ittiham edilərək 3 il həbs cəzası almışdı. Ancaq həbs müddətinin başa çatmasına bir neçə gün qalmış onun da yastığının altından kəsici-deşici alət tapıldığı iddia edilmişdi. Apellyasiya məhkəməsində isə ona verilən 5 ay 22 günlük cəza azaldılaraq 4 ay 16 günə endirildiyindən o, sərbəst buraxılmışdı.

T.Şirəliyev 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında "hicaba azadlıq" şüarı ilə keçirilən aksiya ilə bağlı həbs edilib. 2013-cü il iyunun 5-də məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb. Həmin hadisə ilə bağlı ümumilikdə 35 şəxs həbs edilmişdi. Xuliqanlıq, ictimai asayişi pozma və başqa cinayətlərdə ittiham edilən bu şəxslər 1 il 6 aydan 6 ilə kimi həbs cəzaları almışdılar.
 
Hüquq-müdafiə qurumlarının siyasi məhbus saydığı T.Şirəliyev bu ilin oktyabr ayında azadlığa çıxmalı idi. Ancaq sentyabrda ona yeni cinayət işi açıldığı deyilirdi. Yaxınlarının açıqlamasına görə, ittihamda bildirilirdi ki, T.Şirəliyevin yastığının altından biz tapılıb. Məhbusun yaxınları ittihamın qurama olduğunu qeyd etmişdilər. Hüquq müdafiəçiləri isə deyirdilər ki, hakimiyyət bu yolla siyasi məhbusları sındırmaq niyyəti güdür.

T.Şirəliyev həbsdə qalan sonuncu «hicab məhbusu» idi.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılanlar məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.