16:59, 14 May 2019 (Çərşənbə axşamı) 100

Hikmət Hacızadə: ''Biz nə vəziyyətdəyik ki, ərazi bütövlüyümüz dəstəklənmir'"

Hikmət Hacızadə: ''Biz nə vəziyyətdəyik ki, ərazi bütövlüyümüz dəstəklənmir'
Brüsseldə "Şərq tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı keçirilən toplantının birinci günü başa çatıb.

Sammitin nəticısi olaraq təmtəraqlı bəyannamə imzalanması nəzərdə tutulsa da, zirvə iştirakçıları sənədə daha yüksək status verməməyi qərar alıblar. Nəticədə Şərq Tərəfdaşlığı ölkələri sənədi imzalamayıb, yalnız Avropa Birliyinin xarici işlər naziri Federiko Magerinin sənəddə imzası qalıb.

Toplantının yekun sənədində isə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmadığından Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlamasında deyib ki, Avropa Birliyi ilə inteqrasiya Azərbaycanın xarici siyasətinin bir istiqamətidir: "Prezident də dünən xeyli görüşlər keçirdi, düşünürük ki, bu, milli maraqlara tam uyğundur və bunu davam etdirməyi fikirləşirik. Doğrudan da, bəzi suallar var. Dörd respublika - Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova münaqişədən əziyyət çəkirlər, Ermənistanı da bura daxil etdilər. Biz gərək bu istiqamətdə də iş görək. Əlbəttə, Avropa İttifaqı sülh prosesi ilə məşğul olmur, amma təşəbbüs göstərmələri yaxşı mesajdır. Mən erməni jurnalistlərinə deyirəm ki, 30 il münaqişə apardınız, adi erməni nə qazandı? Mənə sual edirlər ki, bəs siz nə qazandınız. Cavab verdim ki, BTC, Bakı-Qars dəmiryolunu, Cənub Dəhlizini tikdik, sizdə yoxsulluq 40 faiz həddindədir, Tbilisidən Yerevana gedəndə yollar qaranlıqdır, bütün kəndlər boşalıb, adamlar qaçır. Bu sualları özünüzə verin də".

Elmar Məmmədyarov
 
Mayın 13-14-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının yubiley sammiti keçirilir. Proqram 2009-cu ildə başlanıb. Şərq Tərəfdaşlığının məqsədi Aİ-nin Şərqi Avropa ölkələri ilə əməkdaşlığı və inteqrasiyası üçün çərçivə yaratmaqdır. Proqrama Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan və Ermənistan daxildir.

Hikmət Hacızadə 
 
Siyasi icmalçı Hikmət Hacızadə indiki mənzərəni rəsmi Bakının daxili və xarici siyasətinin faciəvi olması ilə əlaqələndirib: "Görün, biz nə vəziyyətdəyik ki, ərazi bütövlüyümüz dəstəklənmir. Çünki deyirlər ki, siz öz xalqınızı repressiyaya məruz qoyursunuzsa, erməniləri hansı vəziyyətə salarsınız. Bilirsiniz, xarici siyasət daxili siyasətin davamıdır, bunlar bir-birini tamamlayır, birində çatışmazlıq olarsa, o birində özünü büruzə verir".
 
Meydan.Tv