10:23, 20 Noyabr 2020 (Cümə) 132

Hikmət Hacızadə vəfat etdi

Hikmət Hacızadə vəfat etdi
Azərbaycan Xalq Hərəkatının liderlərindən biri, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə 66 yaşında vəfat edib.

Bu barədə oğlu Adnan Hacızadə məlumat yayıb.

Onun sözlərinə görə, mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Hikmət Hacızadə noyabrın 11-də insult keçirib və xəstəxanaya yerləşdirilib.

O, 1954-cü ildə Bakıda anadan olub. 

1993-cü ildən Müsavat Partiyasının Bərpa Mərkəzinin, sonralar partiyanın Divan üzvü olub, təşkilatın Analitik Mərkəzinin qurucusu sayılır. 

Elçibəy hökuməti dövründə (1992-93) Azərbaycanın Rusiyadakı səfiri olub.

Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. 

Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir.

Tərtib etdiyi "Demokratiya gediləsi uzun bir yol” antologiyası uzun müddətdir ki, Azərbaycanda ən çox gündəmdə və satışda olan kitablardan biri olub.

Müasirləri onu həm də "çağdaş liberalizmin atası” adlandırıblar.