19:31, 16 May 2019 (Cümə axşamı) 264

"Hökumət devalivasiya qərarı verəndə heç kəslə məsləhətləşməmişdi" - Ekspert

Natiq Cəfərli: "Bu vəsaitin dövlət büdcəsinə ciddi mənfi  təsiri olmayacaq, amma qiymət artımlarına səbəb ola bilər".
 
Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84 faizi icra olunub.
 
"Report”un məlumatına görə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev belə deyib.

Bildirib ki, mayın 13-nə qədər 506 min vətəndaşa ödənişlər verilib, bu da planın 84 faizinin icra edildiyinin göstəricisidir. 

"Edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub”, - deyə məlumatda bildirilir.

İqtisadçı Natiq Cəfərlini fikirincə, problemli kreditlərlə bağlı vətəndaşlara ödənişlərin edilməsi məsələnin birdəfəlik həlli deyil: "Ümumiyyətlə, dövlət büdcəsində problemli kreditlərin həlli ilə bağlı banklara və vətəndaşlara 635 milyon manata yaxın ödəniş olunacaq. Banklara isə əlavə olaraq 200 min dollara yaxın dövlət zəmanətli kreditlərin götürülməsinə imkan  yaradılacaq. Təxminən 1 milyard manata qədər vəsait xərclənəcək. Bu istiqamətdə artıq büdcənin ehtiyat hissəsindən vəsait ayrılıb. Amma bu problemli kreditlərin kökündən həll olunması demək deyil. Bu məsələni birdəfəlik həll etmək üçün kommersiya təşkilatlarına, kiçik və orta sahibkarlara dəyən ziyan və 10000 dollardan yuxarı olan borclarla bağlı məsələ öz həllini tapmalıdır. Çünki iki devalivasiya haqqında qərarı hökumət və Mərkəzi Bank birlikdə vermişdi və bunun məsuliyyətini də daşımalıdır. Buna görə də köhnə məzənnə ilə kredit götürən kiçik və orta sahibkarlara və biznesə dəyən zərəri onlar tək qarşılamamalıdır. Çünki devalivasiya ilə bağlı qərarı verəndə hökumət rəsmiləri heç kəslə məsləhətləşməmişdi”.


Natiq Cəfərli 
 
İqtisadçı qeyd edir ki, ayrılan bu vəsaitin dövlət büdcəsinə ciddi mənfi  təsiri olmayacaq, amma qiymət artımlarına səbəb ola bilər.

Samir Əliyev
 
İqtisadçı ekspert Samir Əliyev isə Toplum.tv-yə bildirib ki, ümumilikdə bu addım müsbətdir, amma problemli kreditlərlə bağlı daha optimal qaydalar tətbiq olunmalı idi: "Ümumilikdə problemli kreditlərlə bağlı nə qədər vəsaitin ayrılması dəqiq məlum  deyil. Büdcədən təxminən 800 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu. Bu məbləğin isə dövlət büdcəsinə ciddi bir təsiri olmayacaq. Amma bir məsələ də var ki, problemli kreditlərin ödənilməsi ilə əmək pensiyalarının artırılması üst-üstə düşdü. Bu isə büdcə üçün əlavə xərcdir və öz növbəsində bazarlar da  təsirini göstərəcək. Qiymət artımı ola bilər. Ümumiyyətlə, problemli kreditlərlə bağlı verilən qərar müsbət addımdır. Bu, həm vətəndaşlara, həm də banklara öz təsirini göstərəcək. Banklar ala bilmədiyi kreditləri, əhali isə banklara ödədiyi artıq məbləği geri alacaq. Amma problemli kreditlərələ bağlı qərarlar daha optimal olmalı idi. 10000  dollardan çox borcu olan vətəndaşların məsələləri isə həll olunmamış qalır. 10000 dollar borcu olanlar kompensasiya aldığı halda, bu məbləğdən 1 dollar çox borcu olan vətəndaşlar kompensasiya ala bilmir. Düşünürəm ki, bu qərarda bir az dəyişiklik olmalı idi. Yəni kredit məbləğinin 10000-ə qədər olan hissəsi götürülməli idi. Ümumiyyətlə, bundan sonra kredit almağın asanlaşdırılması istiqamətində heç bir addım atılmır”.

Lalə Tağızadə