13:06, 25 Dekabr 2018 (Çərşənbə axşamı) 854

"Hökumətin dediyində hədəflər doğru ola bilər, amma reallıq əksini deyir”

Dekabrın 4-də Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ("Bakutel-2018”) ilə tanış olan prezident İlham Əliyev Rusiyanın "Rossiya 24” televiziya kanalına müsahibə verib. 

O bildirib ki, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı əsas vəzifədir: "Ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun”.

"Artıq yeni layihələr olmayacaq”

İqtisadçı Natiq Cəfərli hesab edir ki, qeyri-neft sektorunda istehsal həcmi artmır: "Uzun illərdir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı prezident tərəfindən də, hökumət tərəfindən də danışılır, amma real nəticələr görünmür. Ümumdaxili məhsulun həcmində neft sektorunun payı yüksəkdir. Xarici ticarətdə isə neft sektorunun faizi azalmır, ildən-ilə eyni - 90 faiz səviyyəsində qalır. Qeyri-neft sektorunun ixracatı gözlənilən səviyyələrə qədər artmadı, baxmayaraq ki, 2015-ci ildən müxtəlif tədbirlər görülməyə başlanıldı. Hətta ən maraqlı məsələlərdən biri budur ki, 2014-cü ildə qeyri-neft sektorunun ixracatı manat ekvivalentində 1,8 milyard manat idi. 2017-ci ildə isə bu, 1,6 milyard manat oldu. Yəni qeyri-neft sektorunun istehsal sahələri genişlənmir. Özəl sektorda çalışanların sayı da artmır, əksinə azalır. Məsələn, 4 il bundan əvvəl özəl sektorda çalışanların sayı 690 minə yaxın idi, indi 630 minə qədər enib”.
 

Natiq Cəfərli bildirir ki, deyilənlərlə əməl arasında ciddi fərqlər var: "Təbii ki, doğrudur, qeyri-neft sektoru daha güclü olmalıdır, daha çox inkişaf etməlidir. Neft sektorunda iş yeri yaratmaq potensialı yoxdur, çünki artıq yeni layihələr olmayacaq. Layihələrin hamısı artıq həyata keçirilməyə başlanılıb və sadəcə, davam etdiriləcək. Yəni burada ciddi iş yeri potensialı yoxdur. Amma qeyri-neft sektorunun özünün də kəskin şəkildə inkişaf etdiyini və kifayət qədər böyük həcmdə, böyük sayda iş yeri yaratdığını görmək də olmur. Hökumətin dediyində niyyətlər, hədəflər doğru ola bilər, amma reallıq bunun əksini deyir. Qeyri-neft sektorunun inkişafı bizdə çox zəif gedir”.

"Neft sektorunda iş yoxdur” demək artıq gecdir"

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı hesab edir ki, bu vaxtacan ölkə neftinin gəlirlərindən şəffaf və səmərəli istifadə olunmayıb:
"Heydər Əliyevin təşəbbüsü ilə  Azərbaycan Dövlət Neft Fondu (ADNF)  yaradılanda neftdən əldə olunan gəlir burada cəmlənməli idi. Bütün iqtisadçılar zaman-zaman deyirdilər ki, neft gəlirlərinin bir pik nöqtəsi olacaq, sonra yavaş-yavaş enməyə başlayacaq. Həmin pik nöqtəni 2012-ci il üçün nəzərdə tuturdular, ancaq 2010-cu ildə artıq hasilat aşağı enməyə başladı. Biz çox narahat idik ki, holland sindromu da alına bilər. Yəni Neft Fondundan ayrılan vəsaitlər ədalətsiz istifadə olunarsa, qeyri-neft sektorunun inkişafına yönəldilməzsə, onda bunun axırı yaxşı qurtara bilməz. Gəlirlərin bir hissəsi gələcək nəsillərə saxlanılmadı. Əksinə, bizdə Neft Fondu ikinci büdcəyə çevrildi. Ölkədə monopoliya yarandı”. 
 

Mirvari Qəhrəmanlı bildirir ki, iş yerlərinin azalması artıq son 2-3 ildə  başlayıb: "Hətta Dövlət Statistika Komitəsinin(DSK) məlumatlarından görmək olar ki, SOCAR tərkibində idarələrin fəaliyyətini qeyri-neft sektoru ilə əlaqələndirirlər. İndi prezident öz dili ilə deyir ki, iş yerləri azalacaq. Düz deyir. Dövlət Neft Şirkətində islahatlar vaxtında aparılmalı idi. Şirkətin 50 mindən çox işçisi var, ildə 7 milyon tona yaxın neft hasil edir. Hər fəhləyə, demək olar ki, 100-ə qədər rəis düşür. Bir ara Azəri-Çıraq-Günəşli yatağında hasilat aşağı düşəndə də prezident öz narazılığını bildirmişdi. 6 milyarda yaxın alternativ enerji üçün vəsait ayrılmışdı. O da xərclənmədi. Bunların hamısı həm iş yeri, həm də neftdən asılılığı azaltmaq üçüb vasitə idi. İndi ölkədə iri layihələr TANAP, TAP-da gedir. Bunlar axı bizim iş yerləri deyil. İxtisarlar da artıq çoxdan başlayıb. Ötən il neçə-neçə işçini 3-4 ay işlədib azad etdilər. Səsləri çıxmadı, məhkəməyə də verə bilmədilər. Çünki fərqli adlarla bağlanmış müvəqqəti müqavilələrlə işləyirdilər”.

"Çox belə təəccüblü və dəhşətli vəziyyət yaranır. Nə qədər gec deyil, ölkədə bir proqram hazırlanmalıdır. Heç olmasa, yeni iş yerlərinin açılması üçün alternativ enerji mənbəyindən istifadə olunsun. Məsləhətləşmələr aparmaq, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı üçün şərait yaratmaq lazımdır. Yoxsa, doğrudan da, kütləvi işsizlik başlayacaq. Əgər ölkənin neftdən asılı vəziyyətinin azaldılması üçün alternativ variant düşünülməsə, çox ağır bir vəziyyət yaranacaq”, - deyə Mirvari Qəhrəmanlı əlavə edib.

Nigar Mübariz
Toplum.Tv