14:50, 18 Noyabr 2019 (Bazar ertəsi) 77

Honq Konqda tələbələr və polis arasında toqquşma baş verib

Honq Konqda tələbələr və polis arasında toqquşma baş verib


/ DÜNYA
Honq Konqda polis etirazçılarla ötəngecəki qarşıdurmadan sonra universitet şəhərciyini mühasirəyə alıb.

Noyabrın 18-nə keçən gecə polis əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən, dəyənəklərdən istifadə edib. Bir neçə gündür Politexnik Universitetinin şəhərciyinə sığınmış etirazçılar oradan çıxmaq istəsələr də, geri qayıtmalı olublar.

Saxlananlar var. Polis bildirib ki, etirazçılar şəhərcikdən çıxa bilərlər, ancaq silahlarını yerə qoymalı, qaz maskalarını çıxarmalıdırlar.

Ötən gecə polis əməkdaşları şəhərciyə girməyə çalışıb, amma etirazçılar onlara Molotov kokteylləri və kərpic atıb.

"Polis şəhərciyə basqın etməməlidir, ancaq görünür, adamlar qaçmaq istəyəndən onlara tutmağa çalışırlar”, – deputat Hui Chi-fung "Reuters” agentliyinə deyib.

"Şəhərcikdəkilərin hamısı həbs oluna bilər. Deputatlar və məktəb rəhbərliyi polislə əlaqə saxlamağa çalışsa da alınmayıb”, – o, sözlərinə əlavə edib.

Agentlik xəbər verir ki, polis etirazçıların kənara çıxa bilməməsi üçün barrikadalar qurur.

Honq Konqda etirazlar artıq altıncı aya keçib, nümayişə çıxanlar Pekinin bu keçmiş Britaniya koloniyasında azadlıqların məhdudlaşdırdığını deyirlər.

Çinin Xarici İşlər Nazirliyi isə noyabrın 18-də bəyan edib ki, etirazçılar "sıravi sakinlərə qarşı zorakılıq edən bir qrup cinayətkarlardır”.

Bu arada Honq Konq məhkəməsi yerli hökumətin ötən ay maskalara qoyduğu qadağanı ləğv edib, bu addımın əhalinin fundamental hüququnu gərəksiz yerə məhdudlaşdırdığını bildirib.

Etirazçılar onsuz da qadağaya məhəl qoymur, kimliklərini gizlətməkdən ötrü üzlərini bağlayırlar.

"The New York Times” qəzeti isə redaksiya məqaləsində Honq Konqda baş verənlərin sonunun görünmədiyini qeyd edir. Qəzet Çinin avtoritar lideri Xi Jinping-in Honq Konq sakinlərinin dirəniş ruhunu çətin anladığını yazır. "Onlar istənilən narazılığı qaranlıq xarici guşələrdə hazırlanmış siyasi sui-qəsd kimi görürlər”, – məqalədə deyilir.

Hazırda xarici hökumətlər də bir dilemma qarşısındadırlar. Etirazlara açıq dəstək bildirərlərsə, Çin şirkətlərini itirə bilərlər. Elə ABŞ Prezidenti Donald Trump da susqun mövqe tutub. Digər tərəfdən, bəzən zorakılıqların yer aldığı etirazları dəstəkləməyin özü də bir problemdir. Ancaq qəzet bütün hallarda, Honq Konq əhalisinin öz taleyini müəyyənləşdirmək istədiyini, "2047-ci ildə Çinin tam nəzarətinə keçməzdən öncə Pekinin onları salmağa çalışdığı heyvanıstanı rədd etdiyini” vurğulayır.

"Etirazların nə qədər çəkəcəyi, nəticəsinin nə olacağını proqnozlaşdırmaq mümkün deyil. Amma Honq Konq xalqına dəstək lazımdır və cənab Xi əmin olmalıdır ki, zorakı müdaxilənin bədəli özünü gözlətməyəcək, ağır olacaq”, – qəzet yazır.