18:54, 09 Avqust 2019 (Cümə) 152

Hüquqşünas: "Nail Allahverdiyevlə bağlı qərar qanunidir, ədalətli deyil"

Hüquqşünas:
Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə günahkar bilinən Nail Allahverdiyevin haqqındakı qərar dəyişib.

Bu barədə bizimyol.info məlumat yayıb.

Məlumatda deyilir ki, Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. 

Belə ki, məhkəmə qərarında N.Allahverdiyevin üzərindəki azadlıqdan məhrumetmə cəzasını ləğv edib, şərti cəza verərkən evli, ali təhsilli olması, əvvəllər məhkum edilməməsi, yaşayış yerindən müsbət xarakterizə olması kimi hallara əsaslanıb.

Ali Məhkəmə N.Allahverdiyevə şərti cəza təyin edərkən onun üçün 3 il sınaq müddəti müəyyənləşdirib.

Cəzanın müddəti və rejimi dəyişdirilib, azadlığa buraxılsa da, narazı qalan N.Allahverdiyevin vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib.

Bəs Nail Allahverdiyevin azadlığa buraxılması doğrudurmu?

Hüquqşünas Səməd Rəhmli Toplum Tv-yə açıqlamasında bildirib ki, qərar qanuni baxımdan doğrudur: "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayətlər iki yerə bölünür: qəsdlə və ehtiyatsızlıqdan. Maşınla törədilmiş bu cür cinayət ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Nail Allahverdiyevə verilmiş cəza 5-10 il arası idi. İndi cəzası ləğv olunub, hakim ona şərti cəza verib. Hakimin buna səlahiyyəti çatır. Biz hüquqşunaslar buna "hakimin təqdir səlahiyyəti” deyirik. Bəs insaflıdırmı? Xeyr, insaflı və ədalətli deyil, çünki bu cür cinayət törətmiş adam şərti cəzaya layiq deyil”.
 
Səməd Rəhimli 

Hüquqşünas qərarın ədalətsizliyini analoji hallarla əsaslandırıb: "Eyni cinayəti  Nigar Yaqublu da törətmişdi. Bu işlə müqayisə edəndə, Nigar Yaqublunun işinin siyasi motivli olması bir daha öz təsdiqini tapır”.

Nail Allahverdiyev qəza törətdiyinə və iki nəfərin ölümünə səbəb olmasına görə 2017-ci il avqustun 5-də 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrlə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində 6 il həbs cəzası təyin edilib. 

Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2 avqust 2018-ci ildə cəzanı 5 ilə endirib. 

N.Allahverdiyevin o vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxılıb. 

Sadəgül Cəfərova