18:15, 15 Aprel 2019 (Bazar ertəsi) 651

Hüquqşünas: "Reper saxta ittihamla tutulub"

Hüquqşünas:
"Cinayət Məcəlləsinin 236-cı maddəsində narkotik maddənin qanunsuz istifadəsinə təhrik qadağan edilib, lakin bu çox spesifik bir məsələdir, spesifik bir hadisə olmalıdır. Ümumi təbliğat hələ təhrik sayılmır. Ona görə də bu maddə ilə kimsə ittiham oluna bilməz”.

Bunu Toplum TV-yə hüquqşünas Səməd Rəhimli "Rüzgar" ləqəbli reper Aydın Hüseynovun həbs edilməsinə münasibət bildirərkən deyib. 

O deyib ki, reper narkotikin təbliğatı adı altında tutulub, lakin müvafiq konvensiyada belə məhsuliyət yaradan hüquq norması yoxdur: "Reperin saxlanılma müddətinin 30 sutka olduğunu nəzərə alsaq, belə qənaətə gələ bilərik ki, bu həbs Azərbaycan praktikasında yayğın olan polisin qanuni tələblərini yerinə yetirməmək ittihamıdır. Lakin ictimaiyətə məlum olan məlumata əsasən, onun tutulmasının əsas motivi oxuduğu mahnı ilə bağlıdır. Bu mahnı polis qurumlarının qənaətincə narkotik maddənin təbliğatıdır. Yəni Rüzgar adlı reper saxta ittihamla tutulub. Onun tutulmasının əsas motivi olan mahnı isə ifadə azadlığı kontekstində qorunur”. 

Səməd Rəhimli deyir ki, Azərbaycan qanunvericiliyi narkotikin təbliğatını qadağan etmir: "Bəzi deputatların, məsələn Fazil Mustafa polis orqanlarına müraciətlər edib və hazırda polis orqanları həmişəki kimi öz qanuni səlahiyyətlərini aşaraq bu mahnıları ifa edən şəxslərin bir növ "qulaqlarını bururlar”. Mənim mövqeyim ondan ibarətdir ki, Rüzgarın haqqsız inzibati həbsi qanunsuzdur, motivi də qeyri-hüquqidir. Ondan əlavə də ifadə azadlığının pozuntusudur”.

Hazırda mühacirətdə yaşaya reper Camal Əli isə bildirib ki,  hər kəs istədiyi mahnını oxuya bilər: "Kim nə haqqında istəyirsə, oxuya bilər. Biz ROCKNROLL-çular olaraq belə şeylərə pis baxırıq. Məsələn, ABŞ-da kimsə məktəbə girib sinif yoldaşlarını güllələyirsə, bunda məsuliyyətli şəxs Marylin Manson deyil. Rüzgara isə yaxşı istirahət arzulayıram, ümidvaram içərdə hər şeyi var, heç nəyə ehtiyacı yoxdur”.

"ProMete" ləqəbi ilə tanınan Pərviz Ramizoğlu isə öz feysbuk profilində məsələyə belə münasibət bildirib: "Təəssüf edirəm ki, belə olub. Bu həm yerli rep, həm yerli musiqi, həm də eyni zamanda ölkə üçün də pis nəticədir. Hər dövrdə belə hallar olub və yəqin ki, qaçılmazdır. Bu xırdalıqları daha detallı müzakirə etmək uşaq içəridən çıxandan sonranın işidir, çünki həqiqətən də, iddia olunan track-də təbliğat adlandırıla biləcək bir şey görmürəm”.

Daxili İşlər Nazirliyi (DİN) aprelin 14-də reperin həbs edilməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada bilirilib ki, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb. Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, "Rüzgar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib. O, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib.

DİN-in açıqlamasına görə, A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Aydın Hüseynovun "facebok" profilindən həbs olunması ilə bağlı açıqlama verilib: "Dinləyicilərimi və bütün Azərbaycan yeni musiqi dalğasının dinləyici və musiqiçilərini "Musiqi həbs oluna bilməz” deməyə çağırıram. Bunu mənim üçün deyil, yeni Azərbaycan musiqisi üçün edin. Bu gün mənəm, sabah sizsiniz. Mütləq qapınız döyüləcək. Bu məsələni qəti şəkildə siyasətə çevirməyin. Biz siyasət adamları deyilik. Musiqiçiyik, sənət adamlarıyıq. Yaradıcı insanlarıq. Siyasət bizim meydanımız deyil”.

Repçi həpsinin qanunusuz olduğunu da bildirib: "Məni həbs etməklə, Azərbaycan Respublikası Konstitutsiyasının 51-ci maddəsi pozulub. Bu maddəyə görə, hər kəsin yaradıcılıq azadlığı var, dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Mahnıda isə terror, irqçilik, ölüm, dövlət çevrilişi kimi heç bir şey təbliğ olunmur. Belə olduğu halda mənim həbsim qanunsuzdur. Qanun pozuntusuna yol verən kimlərdir, bilmirəm. Lakin susmaq olmaz”. 

Aprelin 3-də isə "Vüqar Səda" ləqəbli  meyxanaçı Vüqar Abdulayevdə eyni maddə ilə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. 

O, son zamanlar oxuduğu meyxanasına görə deputat Fazil Mustafanın şikayəti əsasında saxlanılıb. 

Onun üzərinə baxış zamanı "Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

Nərgiz Absalamova
Toplum.Tv