19:15, 11 Yanvar 2020 (Şənbə) 27

Hüquqşünas: "TV-də siyasi fikirləri eşitməkdən qorxurlar"

Hüquqşünas:
Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli İctimai Televiziyanın (İTV) namizədlər üçün ayrıdığı vaxtı reklam şərtləri ilə təqdim etməsini tənqid edib.

Ə.Məmmədli Arqument.az-a danışarkən bildirib ki, İTV-nin ayırdığı vaxt qiymətlərlə müqayisədə olduqca çoxdur: "Birilərinin yeniləndiyini iddia etdiyi, bütünlüklə dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya deputat namizədləri üçün ödənişli efir vaxtının qiymətini müəyyən edib. Prime-time zamanı namizəd 1 dəqiqə üçün 4602 manat ödəməlidir. Bu namizəd əgər deputat seçilsə və 60 ay (5 il) ayda 2598 manat alsa (deputatın maaşı bu qədərdir), 5 illik əməkhaqqını 22 günlük təşviqat dönəmində gündə 1.5 dəqiqəyə xərcləmiş olacaq".
 
 
 
Ekspert bildirib ki, dövlət büdcəsindən maliyyələşən televiziyanın bu şəkildə reklam şərtləri ilə efir vaxtı ayrıması siyasi və tənqidi fikirlərin məhdudlaşdılmasına xidmət edir: "Dövlət büdcəsindən maliyyələşən medianın siyasi reklamının qiymətini kommersiya reklamının qiymətindən 10 dəfələrlə çox müəyyən edilməsinin bir açıqlaması var: TV-də siyasi fikirləri eşitməkdən qorxmaq!"

Yanvarın 10-da MSK Milli Məclisə seçkilərdə deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatına qoşulan KİV-lərin siyahısını açıqlayıb. Siyahıda televiziya kanallarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) adı yer alıb.

Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır. İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır. Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir.

Belə desək, 3 dəqiqəlik efir vaxtı 11 000 manatdır. Bu "dodaq uçuqladan” qiymət fantastik məbləğ kimi qiymətləndirilib və narazılıqla qarşılanıb. Sosial mediada da İTV-nin reklam qiymətləri tənqid olunub. Çünki hər bir namizədin həm bu ödənişi etməyə gücü çatmır, həm də kifayət qədər anormal qiymətlərdir. İTV-nin hansı meyarlarla bu məbləği müəyyənləşdirdiyi isə açıqlanmır.