17:55, 12 Fevral 2020 (Çərşənbə) 145

Hüseynbala Mirələmov: Yenidən deputat olduğum üçün Prezidentə təşəkkür edirəm

Hüseynbala Mirələmov: Yenidən deputat olduğum üçün Prezidentə təşəkkür edirəm
"Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ olan parlament seçkiləri başa çatdı. İlk öncə yüksək etimad göstərərək məni partiya siyahısına təqdim etdiyinə görə Yeni Azərbaycan Partiyasının sədri, Respublikamızın Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm".
 
"Qlobal.az"ın verdiyi xəbərə görə, bunu 9 fevral seçkilərində qalib elan olunan Hüseynbala Mirələmov deyib.

Mirələmov prezidentlə yanaşı, DSK sədri və üzvlərinə də təşəkkür edib: "47.1 faiz səslə məni qalib etdiyinə görə 33 saylı Xətai birinci seçki dairəsinin hər bir üzvünə, onların ailələrinə, doğmalarına, əzizlərinə sağlam və xoşbəxt ömür arzulayıram. Yeni Azərbaycan Partiyasının "Daha güclü Azərbaycan naminə” şüarı ilə sizinlə birgə yola çıxdıq və uğur qazandıq. VI çağırış Milli Məclisin deputatı kimi yenidən mənə etimad göstərən hər bir seçicimə, qərargahımızın bütün üzvlərinə, könüllü gənclərə, mənə dəstək olan hər kəsə ürəkdən minnətdaram! Bundan sonrakı fəaliyyətimdə də bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm!”

"Təbliğat-təşviqat kampaniyası ərzində və ümumiyyətlə hər zaman ümumi işimizə dəstək olan, fəaliyyətimizi işıqlandıran bütün mətbuat nümayəndələrinə, jurnalist dostlara da təşəkkürümü bildirirəm!”, – deyə o, bildirib.

Hüseynbala Mirələmov 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürüb.
 
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. 

Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.