15:03, 27 İyun 2019 (Cümə axşamı) 180

İbizada 22 yaşlı azərbaycanlı turistdən 1 milyon funt-sterlinqlik saat oğurlanıb

İbizada 22 yaşlı azərbaycanlı turistdən 1 milyon funt-sterlinqlik saat oğurlanıb
Oğurlanan saatdan dünyada cəmi 75 dənədir

İspaniyanın İbiza adasında istirahət edən 22 yaşlı azərbaycanlı turistin qiyməti 1 milyon funt-sterlinq (1 milyon 200 min avro) olan qol saatı oğurlanıb.

Məlumatı "Daily Mail” yazıb.

Azərbaycanlı turist dostu ilə dəniz sahilində gəzişərkən oğru ona yaxınlaşıb, bir neçə zərbə endirərək, qolundakı saatı götürüb. 

Turist dərhal polisə müraciət edərək, hadisə barədə məlumat verib.

Oğurlanan saat "Richard Mille (RM) 50-03 McLaren F1”dünyada ən bahalı modellərdən sayılır. 

Bildirilir ki, bu saatın yaradıcıları "Formula 1” bolidlərindən ruhlanıblar və modelin adında da bu qeyd olunub. 

Saatın çəkisi 40 qramdır və dünyada ən yüngül saat sayılır. 

Məlumata görə, bu modeldən dünyada cəmi 75 dənədir.

"Modern” saytının məlumatına görə, Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli saytın sorğusuna cavab olaraq, yazılanların həqiqəti əks etdirmədiyini bildirib: "Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”.

ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, dövlət büdcəsinin korrupsiya sxemləri vasitəsilə mənimsənilməsi ölkənin ağır bəlasına çevrilib.

"Halbuki illərdir prezidentin keçirdiyi müşavirələrdə bu barədə danışılsa da, irəliləyiş yoxdur. Ötən əsrin 90-cı illərinin sonlarında gəlir deklarasiyası haqqında qanun qəbul edilmişdi. Hamı, ilk növbədə məmurlar açıq məlumat verməlidirlər. 2000-ci ildə Rusiyada bununla bağlı qərar qəbul ediləndən sonra Azərbaycan qanunverici orqanında ilk oxunuşda qərar layihəsi keçdi, amma unuduldu. Çünki gəlir deklarasiyasının qəbul edilməsində maraqlı olmayan məmurlar və deputatlardır”.

Natiq Cəfərli

Onun fikrincə, səbəb məlumdur - gəlir deklarasiyası olsa, məmurların yaşayış durumu, sürdükləri maşınlar, istirahətləri haqda suallar yaranacaq: "Suallar adi məmurun, yaxud deputatın maaşı ilə bunların necə əldə olunması barədə olacaq. Bunların səslənməməsi üçün həmin qanunun qəbulu gecikdirilir. Əslində, Azərbaycanda korrupsiya obrazlı desək, ən şəffaf sahədir. Yəni hamı hər şeyi bilir. Hamı deputatın, məmurun maaşla dolanmadığını bilir. Hüquq-mühafizə orqanları kamera götürüb məmurların yaşadığı villalara, sürdükləri avtomobillərə baxış keçirsələr, onlarla sual çıxar”.

İqtisadçı hesab edir ki, infrastruktura ayrılan xərclər təyinatlı üzrə xərclənsəydi, Azərbaycanın kənd yolları da beynəlxalq standartlara cavab verirdi. 

O qeyd edib ki, müstəqillikdən sonra ən çox vəsait yolların çəkilməsinə ayrılıb: "Hətta neftin qiymətinin 130-140 dollar olduğu, manatın devalvasiyaya uğramadığı illərdə, güclü olan zamanlarda ildə infrastruktur layihələrinə 5 milyard dollara yaxın ayrılırdı. Amma həyata keçirilən layihələrin keyfiyyəti ilə bağlı ciddi problemlər üzə çıxırdı. Məsələn, Bakı-Rusiya sərhəddi yolu beton idi. O vaxtkı məzənnə ilə götürdükdə 1 milyard dollara başa gəlmişdi və dünyada ən baha yollardan sayılırdı. Amma 25 illik zəmanət verilən həmin yolla indi gedəndə görürük ki, darmadağın olub. Hətta bəzi illərdə təmir üçün büdcədən 100 milyona yaxın vəsait ayrılıb. Sadaladıqlarım korrupsiyanın nəinki ölkənin bugününə, eyni zamanda, sabahını təhdid edir. Çünki keyfiyyətsiz yollar, körpülər, enerji obyektləri büdcəyə yük olurlar və təmir üçün daha çox vəsait tələb edirlər”.

Natiq Cəfərlinin sözlərinə görə, KİV-də yayılan məlumatlar əsasında hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. 

Qanunvericilik tələb edir ki, mediada yayılan yazılar cinayət işlərinin başlanması üçün əsas ola bilər: "Məsələn, hüquq-mühafizə orqanları mediada QHT-lərlə bağlı yayılan məlumatlar əsasında cinayət işi başladılar. Necə olur ki, QHT-lər, yaxud müstəqil hüquq müdafiəçiləri haqda qanunlar yada düşür, amma yerli və xarici mətbuatda korrupsiya haqda yazılar dərc olunanda, reaksiya verilmir. Əslində, son hadisə haqda xarici mətbuatda yazılıb, hüquq-mühafizə orqanları xüsusi qrup yaradıb məlumatın dəqiqliyi, şəxsin fəaliyyəti, gəlirləri barədə araşdırma aparmalıdır”.

Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) iddialarla bağlı açıqlama yayıb. 

Qurumun mətbuat xidmətinindən "Report”a verilən məlumatda deyilir: "İspaniyanın İbiza şəhərində saatı oğrulanmış 22 yaşlı azərbaycanlı turist Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu deyil".

Məlumata görə, ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb.

"Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosialyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yaymışlar. Bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı King’s College-də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür”, - məlumatda qeyd edilib.

Vurğulanır ki, göründüyü kimi, bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir.