16:37, 24 Aprel 2019 (Çərşənbə) 320

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi press-tur təşkil edib

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi press-tur təşkil edib
İdarənin mətbuat katibi Rahib Azəri bildirib ki, sosial şəbəkələrdə son günlər yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir.
 
"Həmin fotoşəkil noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar Qala divarları ilə əlaqəli deyil”-Rahib Azəeri bildirib.

R.Azəri Qala divarlarının zədələnməsi ilə bağlı ittihamlara belə aydınlıq gətirib: "Bu tikili sırf konstruksiyalardan ibarətdir. Konstruksiya Qala divarlarından aralıda quraşdırılıb. Məqsəd ondan ibarətdir ki, Qala divarlarına zərər vurulmasın. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir".

Köhnə restoranların yerində beton özüllərin atılmasına da münasibət bildirən R.Azəri qeyd edib ki, ərazi müxtəlif dövrlərdə tədqiq olunub: "Qala divarları perimetr boyu  araşdırılıb, arxeoloji qazıntı aparılıb, burada heç nə aşkarlanmayıb. Burada əvvəllər də restoranlar olub. Əvvəlki restoranlar Qala divarlarına bitişik idi, hazırkı tikililər isə qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir".

İdarə rəsmisi Qala divarlarındakı fərqli daşlardan olan tikinti işlərinə də aydınlıq gətirərək qeyd edib ki, Qoruq hazırda bərpa işləri zamanı həmin daşlardan istifadə etmir: "O bərpa işləri 2007-ci ildən əvvəl olub".

R.Azərinin sözlərinə görə, İçərişəhər Tarix-Memarlıq Qoruq İdarəsinin daxilində hal-hazırda heç bir bürc bərpa edilmir: "İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı 2012-ci ildə çəkilib”. 
 


Ona.az