10:55, 17 May 2019 (Cümə) 81

İcra Hakimiyyəti mitinqə yenə "yox" dedi

İcra Hakimiyyəti mitinqə yenə
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Azadlıq Təşkilatının mitinqlə bağlı müraciətini cavablandırıb.

Mayın 18-i Bakının Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

"Qarabağa azadlıq!” şüarı ilə keçirilməsi nəzərdə tutulan aksiyanın təşkilatçılarına göndərilən imtina məktubunda qeyd olunur ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Qarabağ Azadlıq Təşkilatı mediayaya imtinaya ilə bağlı cavab verib: "İctimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac var. Ona görə də mitinqlərlə bağlı müraciətlərimizi davam etdirəcəyik”.