"Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ciddi konsepsiyanın işlənməsinə ehtiyac var".
Bu sözləri Baş Nazirin müavini Əli Əhmədov 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə ciddi problemlər var: "Qida təhlükəsizliyi problemi bəşəriyyətin üzləşdiyi elə problemlərdəndir ki, onun kəskinliyi getdikcə daha da artacaq. Eyni zamanda bu problemin həll olunması üçün səylər bundan sonra daha da artacaq”.
İqtisadçı Natiq Cəfərli "Toplum Tv”yə deyib ki, əslində, Azərbaycan hökumətinin nəzarət etmə mexanizmlərinə baxışı yalnışdır: "Dünyanın inkişaf etmiş ölkələrində qida təhlükəsizliyi ilə bağlı məsələlərə 2 yöndən baxılır: vətəndaşın nəzarət mexanimləri. Bu, məhkəmələr vasitəsilə olur. Bir də dövlətin özünün nəzarət mexanizmləri. Bu da strateji məhsulların alınması və yaxud da sərhəddən keçirilməsi zamanı, yəni idxal məhsullarının yoxlamalara məruz qalması ilə baş verir”.
Natiq Cəfərli
Ekspertin sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyini elə təqdim edirlər ki, sanki bütün dünya bizə qarşı hər hansı bir müharibə aparmaq istəyir: "Elə təqdim edirlər ki, qida təhlükəsizliyi məsələsi müharibə qədər önəmli məsələdir, amma bu, əslində, belə deyil. Qida təhlükəsizliyinin bir neçə qolu var. Birinci qol ondan ibarətdir ki, hər bir ölkə özü-özünü ən azından çox vacib ərzaq məhsulları, həmçinin buğda, un məmulatları və bir sıra strateji məhsullarla təmin etməlidir. Bu, təhlükəsizliyin bir qoludur. İkinci qolu isə qida təhlükəsizliyi ilə bağlı əhalinin sağlamlığına vurula biləcək ziyandan söhbət gedə bilər".
Natiq Cəfərli deyib ki, problemin həlli üçün vətəndaş nəzarəti mexanizmi güclənməlidir: "Burada vətəndaş nəzarəti mexanizmi daha effektiv bir yoldur. Necə ki biz Avropada, Amerikada bunu görürük. Tutaq ki, hər hansı vətəndaş standartlara cavab verməyən, keyfiyyətsiz məhsul və ya xidmət alır. Buna görə ona ziyan vuran restoranı, kafeni və ya ərzaq məhsulu aldığı dükanı məhkəmə yolu ilə cərimələməyə nail olarsa, bu zaman həmin obyektlərin keyfiyyətsiz məhsul təklif etməyə özlərinin də marağı olmayacaq. Yəni bu nəzarət mexanizmi vətəndaşın əlinə keçməlidir. Vətəndaş burada önəmli rol oynamalıdır. Çünki Azərbaycanda 10 minlərlə ticarət obyekti var, Qida Təhlükəsizliyi Agentliyinin isə səhv etmirəmsə, 118 işçisi var. Yəni 118 işçi bütün ölkə içində 10 minlərlə obyektlərə nəzarət edə bilməyəcək. Ona görə də Azərbaycan hökumətinin bu məsələyə konsepsual olaraq baxmaq istəyirsə, yeni konsepsiya ortaya qoymaq istəyirsə, vətəndaşın öndə olduğu, vətəndaşın nəzarət funksiyasını həyata keçirdiyi bir sistem formalaşmalıdır. Bunun üçün də ədalətli məhkəmə sistemi, rəqabətli iqtisadi mühit vacibdir. Yəni burada bir çox məsələlər üst-üstə düşməli, bir çox məsələlər paralel həllini tapmalıdır”.
Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı Nazim Bəydəmirli isə Əli Əhmədovun təklifini normal qarşıladığını deyir: "Amma inhisarçılıq, məmur sahibkarlığı olduqca bazardakı rəqabət də pisləşəcək. Bir neçə gün bundan qabaq qida təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul olundu və ictimaiyyətə təqdim olundu. Qida Təhlükəsizlik Agentliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir neçə qurumun iştirakı ilə təqdimat keçirildi. Bunun adı ictimai təqdimat idi, ancaq görünür, ictimaiyyətin nümayəndələri təqdimatda az idi. Bu barədə internetdən məlumat alası olduq. Müəyyən bir hissəsinə də videoda baxdım. Təbii ki, qida təhlükəsizliyi çox vacibdir. Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyinin tərkib hissəsidir. Hesab edirəm ki, nə qədər məmur sahibkarlığı, inhisarçılıq var, qanun qarşısında hüquq və vəzifələrin bərabərliyi təmin edilməyəcək, bir o qədər də bu dövlət agentliklərinin əli ilə dolayısı yolla bazar məhdudlaşdırılacaq, rəqabət də pisləşəcək".
Nazim Bəydəmirli
"Hesab edirəm ki, müxtəlif qurumlar yarandıqca, müxtəlif dövlət proqramları qəbul olunur, müxtəlif konsepsiyalar yazılır. Qulağa xoş gələn ifadələr işlətməklə heç nəyə nail olmaq olmaz. Məsələnin kökündə hüquqi dövlət və liberal bazar iqtisadiyyatı dayanmalıdır. Bu olmadıqca, istəyirsən adını, konsepsiya, dövlət proqramı və yaxud başqa bir şey qoy, mahiyyət etibarilə heç nə dəyişməyəcək. Qida Təhlükəsizlik Agentliyinin cəmiyyətə verdiyi mesajlar müsbətdir və bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu agentliyin atdığı addımlara da ictimai nəzarət olmalıdır. İctimai nəzarət olduqda onların qəbul etdiyi qərarlar da şəffaf həyata keçiriləcək”.
İqtisadçının fikrincə, təhlükəsizlik üçün ictimai nəzarət vacib amildir: "Bunun üçün kütləvi informasiya vasitələrinin azad fəaliyyəti olmalıdır. Qida təhlükəsizliyi insanların sağlamlığlı üçün çox vacib elementdir. Biz marketlərə, bazarlara getdikdən sonra görürük ki, əslində bu malların strukturunda cəmi 15-25% yerli istehsal var. Digərləri xarici ölkələrdə istehsal olunmuş məhsullardır. Əksər hallarda geni dəyişmiş mallardır. Bu da inhisarçılıqdan qaynaqlanır. Yəni bir sahəni ayırıb ondan inkişaf etdirilmiş bir sahə düzəltmək qeyri-mümkündür. Çünki iqtisadiyyatda hər şey kompleks həll olunmalıdır. Bu baxımdan gömrük orqanının şəffaflığını təmin etmək lazımdır. Çünki əsas qida təhlükəsizliyi daha çox idxal məhsullarından asılıdır. Hesab edirəm ki, ilk növbədə ölkədə məhsul bolluğunu yaratmaq və yüksək rəqabət mühiti yaratmaq lazımdır ki, rəqabət olsun. Rəqabət olduqda məhsulların xidməti və keyfiyyəti, sözsüz ki, artacaq”.
Nərgiz Absalamova
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.