17:38, 17 Avqust 2019 (Şənbə) 53

İDİ: "Azərbaycanda əsas problemlərdən biri şəxsi həyatın toxunulmazlığıdır"

İDİ:
Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda  şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsi qanunvericiliyi ilə bağlı hesabat yayıb.

Araşdırmada qeyd edilir ki, mənbə kimi sosial şəbəkələrdən (Facebook, Google və YouTube) və onlayn mətbuatdan istifadə olunub. 

Araşdırma obyekti fərdi məlumatların müdafiəsi üzrə öhdəlikləri olan dövlət orqanları və ticari qurumlar olub.

Araşdırmanın əsas məqsədi ölkədə şəxsi həyatın toxunulmazlığının pozulması və fərdi məlumatlardan illeqal istifadəyə dair faktların toplanılması və hüquq pozuntularının istiqamətinin müəyyən edilməsidir.

Hesabatda  şəxsi həyatın toxunulmazlığı çərçivəsində fərdi məlumatların toplanılması, istifadəsi və qorunması ilə bağlı yerli və beynəlxalq qanunvericilik aktları, Avropa Məhkəməsi təcrübəsi, Azərbaycandakı mövcud vəziyyətin təhlili, nəticə və tövsiyələr öz əksini tapır.

Araşdırmada deyilir ki, Azərbaycanda insan hüquqları sahəsində əsas problemlərdən biri şəxsi həyatın toxunulmazlığı ilə bağlı pozuntulardır. Bu, şəxsin özəl həyatı haqqında məlumatların qanunsuz olaraq toplanmasında, onun şərəf və ləyaqətinin, habelə işgüzar nüfuzunun alçaldılmasında, ifadə və cinsi meyl azadlığının pozulmasında özünü göstərir. 

Hesabatda qeyd edilir ki, pozuntuların sayı çox olduğuna görə dəqiq statistika aparmaq çətindir.

Araşdırmada Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlıər Nazirliyi tərəfindən ictimai fəalların telefon danışıqlarının dinlənilməsi və internet yazışmalarının izlənilməsi təcrübəsi qeyd edilir. Qanunvericilikdəki boşluqlar dövlət orqanlarının və hüquqi şəxslərin məsuliyyətdən yayınmasına imkan verir.
 
Əbülfət Baxşəli