15:01, 18 Noyabr 2020 (Çərşənbə) 78

İlham Əliyev Niderland səfirinə irad bildirdi

İlham Əliyev Niderland səfirinə irad bildirdi
"Nideraland parlamentinin balanslaşdırılmamış və ədalətsiz qərarı qəbul etməsi, əlbəttə ki, Azərbaycanla bu ölkə arasında daha yaxın əlaqələr qurmağa kömək etməyəcək". 

Bu sözləri prezident İlham Əliyev noyabrın 18-də Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paulin Eizemanın etimadnaməsini qəbul edərkən deyib.

"Belə gətirdi ki, Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdi ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk”, - İlham Əliyev deyib:

Ölkə başçısı bildirib ki, Niderland parlamentinin balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi ölkələr arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcək: "Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər". 

"Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız”, - Əliyev bildirib.
 
Paulin Eizeman məsələyə münasibət bildirərkən deyib ki, Niderlan parlamenti ilə hökumətin mövqeyi üst-üstə düşməyə bilər.

"Qeyd etdiyiniz kimi, mən buraya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub", - Paulin Eizeman deyib və əlavə edib:  

"Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm".