13:46, 20 Noyabr 2020 (Cümə) 180

İlham Əliyev "Xilaskar" elan oluna bilər

İlham Əliyev
""Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir”.

Milli Məclisin noyabrın 20-də keçirilən iclasında deputat Fəzail Ağamalı belə deyib.

Deputat bildirib ki, böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaq: "Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? "Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir”.

F.Ağamalı həmçinin əlavə edib ki,” Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı təklifini Milli Məclis tərəfindən dəstəkləyirik”.

Deputat Siyavuş Novruz isə orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilməsini təklif edib: "Vətən Qəhrəmanı” adı və ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin”. 

Deputat Məlahət İbrahimqızı da irəli sürülən təkliflə qatıldığını söyləyib: "Vətən müharibəsindən qalib çıxmış dövlətlərin və xalqların tarixi ilə bağlı araşdırma aparmışam. Dünyanın bəzi ölkələrində vətən müharibəsinin qalib liderinə marşal rütbəsi verilib. Bu gün möhtərəm, Müzəffər Ali Baş Komandanımız milli ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazdı. Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər, ən yüksək hərbi rütbə - marşal rütbəsi verilsin". 

Sədr Sahibə Qafarova isə deyib ki, bunlar çox mühüm təkliflərdir: "Bu, ayrı bir iclasın, yaxud tədbirin mövzusudur”.