16:39, 25 Mart 2019 (Bazar ertəsi) 270

İlham Əliyevlə Nikol Paşinyan Vyanaya gedəcəklər

İlham Əliyevlə Nikol Paşinyan Vyanaya gedəcəklər
Martın 29-da Avstriya prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinianla ayrı-ayrılıqda görüşəcək. Bu haqda Avstriya prezidentinin mətbuat xidməti məlumat verir.

Bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri iki liderin danışıqlarının təşkili üzrə işlədiklərini deyirdilər.

Hələlik, rəsmi Yerevan və Bakı Vyanada ikitərəfli danışıqların keçiriləcəyini açıqlamayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Azadlıq Radiosu