21:39, 19 İyul 2019 (Cümə) 58

İlham Hüseyn: "Bir neçə gündür cəbhəçiləri polisə çağırırlar"

İlham Hüseyn:
"Artıq bir neçə gündür Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri polisə çağırılır".

Bunu AzadlıqRadiosuna partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib. 

Onun sözlərinə görə, bu çağırışların səbəbi Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 30 illiyi ilə əlaqədar keçirilən bayram tədbirləri olub: "Bu gün, iyulun 19-da Abşeron şöbəsinin Gənclər Komitəsinin sədri Ramil Tağıyevi polisə apardılar. Üzvlərin adlarını və sayını soruşublar. İki saatdan sonra sərbəst buraxıblar".

İ.Hüseyn qeyd edib ki, analoji hallar digər rayonlarda da baş verir. "Bakıda, Hacıqabulda, Sabirabadda üzvlərimizi çağırıb bayramla bağlı suallar verirlər", - funksioner bildirib.

Daxili İşlər Nazirliyi və qeyd edilən rayonların polis şöbələrindən isə bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-da təsis edilib.

AXC Azərbaycanın müstəqillik əldə edilməsi uğurunda aparılan mübarizədə iştirak edib. Sonradan bu təşkilat partiyaya (AXCP) çevrilib və əsas məqsədinin ölkədə demokratikləşmə olduğunu açıqlayıb.

Hər il iyulun 16-nı cəbhəçilər xüsusi olaraq qeyd edirlər.