17:14, 06 Sentyabr 2019 (Cümə) 1717

"İlham mənbəyim göyqurşağıdır" - Nəsibə Məmmədzadə

24 yaşlı Nəsibə Məmməzadə maraqlı və qeyri-adi formada terrariumlar hazırlamaqla məşğuldur. 

O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib və Bakıda çalışır. 

Onun Toplum.Tv-yə müsahibəsini təqdim edirik: 

- Nəsibə xanım, nə vaxtdan bu işlə məşğul olmağa başlamısınız?

- Mart ayından bu ideyanı artıq reallaşdırmağı planlaşdırırdım. Hardasa iyun ayının əvvəlində bu terrariumu düzəltməyə başlamışdım və uğur əldə etdiyimi görəndən sonra düşündüm ki, bunun səhifəsini açmaq, satışını etmək lazımdır. İyunun ortalarında risk edib bir yer də götürməyə planlaşdırdım. İstəyirdim ki, orada rahat qumla işləyə bilim, gülləri əkib-biçim, həm də uşaqlar üçün məkan kimi maraqlı bir yer olsun. Düşünürdüm ki, orada masterklass da keçə bilim. Ümumilikdə, haradasa  5 aydır ki,  bu işlə məşğulam. 5 aya görə, həqiqətən, özümdə də dəyişikləri hiss edirəm və daha gözəl və daha maraqlı terrariumlar hazırlaya bilirəm.
 
 

- Necə oldu ki, bu işlə məğul olmağa qərar verdiniz?

- 8 martda anam üçün yadda qala biləcək hədiyyə axtarışında idim və bu cür kompoziyalarla qarşılaşdım. Çox bəyəndim. Çox fərqli, maraqlı və bir o qədər də gözəl hədiyyədir. Düşünün ki, gül hədiyyə edirsiniz, amma o, 2 gün sonra solmur və üstəlik, qeyri-adi kompozisiyalar yaradılıb bitkilər ətrafında. Sanki balaca bağ kimi. Azərbaycanda bunu edənlər varmı deyə araşdırdım. 1-2 səhifəyə müraciət etdikdə məyus oldum. Çünki çox fantastik idi, büdcəmə uyğun deyildi. Xarici terrariumları araşdırıb məlumat topladım. Dedim ki, bunu edə bilərəm, həm də elə qiymətə edəcəyəm ki, hər kəsin büdcəsinə uyğun gəlsin. Hər kəs sevdiyinə bu cür uyğun bağça hədiyyə edə bilsin. Adını da "Nəsinin bağçası" - "Nessys garden” qoydum.
 
 

- Terrariumlara sizi bağlayan nədir?

- Onları hazırlayanda ruhum dincəlir, hər kəsin hekayəsini dinləyib ona uyğun xəyal dünyası yaratmaq. Bundan gözəl nə ola bilər?

- Xüsusi ilham mənbəyiniz var? Nədən ilhamlanırsınız?

- Göyqurşağı rəngarəngliyi məni ruhlandırır, əhval-ruhiyyəmi yüksəldir. Onun üçün terrariumlarda rəngarəng qumlardan və daşlardan istifadə edirəm. Hətta uşaqlar üçün masterklasslar keçirəcəyimiz yeni açılmış bağçamızı belə rəngarəng dizaynda etmişik.
 
 

- Bəs bu işin mənfi tərəfləri varmı?

- Əslində, müsbət cəhətləri çoxdur. Biri onu deyə bilərəm ki, işim bitkilərlədir və əsasən də dizayna uyğundur. Əvvəldən dizayna çox böyük marağım  və bacarığım olub. Ona görə  bu işi dizaynla görmək  və əlavə olaraq da bitkilərlə işləmək özü müsbət haldır. Bitkilər insan əhval-ruhiyyəsini qaldırır. Hər hansı canlıya baxmaq, qulluğuna qalmaq bu müsbət cəhətlərə aiddir. Mənfisi yoxdur bu işin, sadəcə, bəzən xırda problemlə qarşılaşıram. Düzdür, bir az danışılandan sonra yoluna düşür, yəni bəzən bəzi müştərilər deyir ki, çox bahadır, halbuki  digər səhifələrə nisbətən çox münasibdir. Sadəcə, təbii bitkilər olduqlarına görə bitkilərimizin hazırda nə qiymətə olduğunu da hər kəs, yəqin ki, bilir. Üstəlik, orada svunerlər,  rəngli qumdur və s. ən azından əl işi  olduğuna görə bir az digər hədiyyələrdən qiyməti fərqli olur. Amma bu sahə - terrariumlar üzrə ən münasib və ən gözəl terrarium "nessys_garden”dadır
  
- Nə kimi çətinliyiniz olur? Cəmiyyətdə buna maraq necədir?

- Maraq, həqiqətən, var. Qiymətdən öncə hər kəs çox maraqlı fikir olduğunu və çox gözəl əl işlərim olduğunu qeyd edirlər. Bu da məni daha çox ruhlandırır, daha çox yeniliklər istəyi yaradır. 
 
 

- Gələcəkdə bu işinizlə bağlı daha nələr planlayırsınız? İşinizi böyütmək fikriniz var?

- Ancaq qazancı düşünsən, o işin gələcəyi olmayacaq və illərlə ayaqda qalmayacaq. Məqsədlərim böyükdür və onlara doğru gedirəm. İlk məqsədim rəngarəng bir yerin sahibi olmaq idi və oldum. Böyük uğurlar hələ qabaqdadır.

Elmar Əziz