13:00, 03 Dekabr 2019 (Çərşənbə axşamı) 55

“İlin sonuna qədər yeni orfoqrafiya lüğəti çapdan çıxacaq”

“İlin sonuna qədər yeni orfoqrafiya lüğəti çapdan çıxacaq”
"Azərbaycan dilinin orfoqrafiya lüğəti" "Elm" nəşriyyatında hazırlanmağa başlanıb. 2019-cu ilin sonuna qədər yeni orfoqrafiya lüğəti çapdan çıxacaq.

Report-un məlumatına görə, bu sözləri AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. 

O bildirib ki, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: ”Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir”.

Dilçilik üzrə ekspert Qulu Məhərəmli bu barədə Toplum.Tv-yə münasibət bildirib: "Dil canlı orqanizm kimidir. Necə ki bədəndə bəzi hüceyrələr ölür, yeniləri yaranır, dildə də həmin proses gedir. Yəni işlək olmayan sözlər çıxır, yeni sözlər lüğətə daxil olur”.
 
 

Ekspert bildirir ki, cəmiyyətdə baş verən bir sıra sosial-ictimai amillər, elmi-texniki tərəqqi dilə təsirsiz ötüşmür. 

Ona görə də bu sözlərin orfoqrafiya lüğətində yer alması normal haldır. Amma lüğətdə sözlərin süni şəkildə artırılması və ya azaldılması metodiki, elmi baxımdan yalnışdır. 
Lüğətdəki süni dəyişiklərlə dilin işləkliyini sübut etmək olmaz. Hər hansı bir dil üçün orfoqrafiya lüğətində nə qədər söz olması həlledici amil deyil. 

Ona görə də bəzi yanlış tendensiyalara aldanmaq olmaz. Tutaq ki, "Oksford” lüğətinin elektron bazasında 600 mindən çox söz var. Bu, o demək deyil ki, bizdə lüğətdəki sözləri bu həddə çatdırmalıyıq. 

Ekspert hesab edir ki, dilin gücü onun tendensiyanı ifadə edə bilməsindədir: "Orfoqrafiya da son illərdə dəyişiklik artdığından yeni orfoqrafiya lüğətinin nəşr edilməsi arzuolunandır. Arzu edək ki, yeni lüğət 2013-cü il nəşrindəki kimi uğursuz olmasın. Çünki əsası olmayan, süni şəkildə lüğətə gətirilən sözlər dilə xidmət etmək deyil”.

Roza Məmmədova