17:55, 23 Sentyabr 2019 (Bazar ertəsi) 71

İlk dəfə AİHM qərarlarının icrasına məsul olan qurum məhkəməyə veriləcək

İlk dəfə AİHM qərarlarının icrasına məsul olan qurum məhkəməyə veriləcək
Belə səlahiyyət sahibi özü qanunlara, insan haqlarına saymazyana yanaşır”.

Bu sözləri vəkil Əsabəli Mustafayev Azərbaycanda Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəliyi tənqid edərkən deyib.

Nümayəndəlik Azərbaycanın İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulması ilə əlaqədar olaraq yaradılıb. Qurum İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycanın mənafelərinin səmərəli müdafiəsini təmin etmək məqsədilə yaradılıb.

Qurumun əsas vəzifəsi Avropa Məhkəməsinin qərarlarının icrası üçün dövlət qurumlarını səfərbər etməkdir. Yəni insan hüquqlarının müdafiəsinə töhfə verməli olan qurumdur. 

Hazırda nümayəndəliyin rəhbəri vəzifəsini Çingiz Əsgərov icra edir.

Vəkil Əsabəli Mustafayev feysbukda yazdığı statusunda nümayəndəlik və onun rəhbəri Çingiz Əsgərovu tənqid edib: "Avropa Məhkəməsinin qərarları ilə təyin olunmuş kompensasiyaların ödənilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsi barədə informasiya sorğusu vermişəm, heç vecinə alıb cavab verməyiblər. Bu qanun pozuntusundan məhkəməyə şikayət vermişəm, cavabdehin rəsmi ünvanını göstərmişəm”.

Daha sonra məhkəmə iddianı mümkünsüz sayıb. Səbəb kimi cavabdehin ünvanı ilə bağlı arayışın təqdim edilməməsi göstərilib: "Məhkəməyə yaxşı bəllidir ki, mən belə bir arayış ala bilməyəcəyəm. Əlbəttə məhkəmənin bu qərarı onun belə şikayətlərə baxmaq xofundan yaranır. Ərizəçilərdən biri ona kompensasiyanın ödənilməməsi səbəbindən Çingiz Əsgərova qarşı inzibati icraat qaydasında şikayət vermişdir”. 

Lakin iddia məhkəmə tərəfindən mümkünsüz sayılıb. Məhkəmə hesab edib ki, cavabdeh inzibati orqan deyil. Vəkil apelyasiya və kassasiya instansiyalarının bu qərarla razılaşacağına inandığını deyir. O bildirir ki, həm ərizəçinin, həm də öz informasiya sorğusu ilə şikayətləri Avropa Məhkəməsinə göndəriləcəkdir. 

Bu Avropada Məhkəməsinə göndəriləcək ilk bu tipli şikayətdir. Belə ki, Avropa Məhkəməsinin qərarlarının icrasına məsul olan qurumun özü qanunları pozması barədə şikayət veriləcək və qurum məhkəmədə cavabdeh olacaq. 

Əsabəli Mustafayev nümayəndəliyi beynəlxalq konvensiyalara, milli qanunlara və dövlətin imicinə zərbə vurmağı dayandırmağa cağırıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi 8 noyabr 2003-cü ildə İlham Əliyevin fərmanı ilə təsis edilib.

Uğur Fərzəli