10:55, 12 Aprel 2019 (Cümə) 119

İlkin məhkəmə Culian Assanjı həbsdə saxlayıb

İlkin məhkəmə Culian Assanjı həbsdə saxlayıb


/ DÜNYA
Böyük Britaniyanın paytaxtı Londonda ilkin məhkəmə "Vikiliks” saytının yaradıcısı Culian Assanjı həbsdə saxlayıb. Qərar aprelin 11-də çıxarılıb. Jurnalist girovla azadlığa buraxılmaq şərtlərini pozmaqda təqsirli bilinir.

Avstraliya vətəndaşı olan 1971-ci il təvəllüdlü Culian Assanjı Böyük Britaniya polisi aprelin 11-i Londonda həbs edib.

2006-cı ildə yaradılan "Vikiliks” saytı ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc etməklə populyarlaşıb. ABŞ-da buna görə Culian Assanja cinayət işi qaldırılıb.

İsveçdə isə jurnalistə zorlama ittihamı verilib. 2010-cu ildə Culian Assanj Londonda bu iş üzrə tutulub, girov müqabilində azadlığa buraxılıb. 2011-ci ildə məhkəmə onun İsveçə təhvil verilməsi haqda qərar çıxarıb, bu iş 2012-ci ilin iyun ayınadək uzanıb. Culian Assanj iyunun 19-da Ekvadorun Londondakı səfirliyinə sığınıb və o vaxtdan orada yaşayıb.

Bu yaxınlarda Ekvador hökuməti siyasi sığınacağın başa çatdığını bəyan edib və Culian Assanjın səfirlikdən çıxmasını istəyib. Aprelin 11-də polis Ekvadorun Londondakı səfirinin dəvəti ilə diplomatik nümayəndəliyə gələrək onu tutub.

Culian Assanjın həbsinin ABŞ-da və İsveçdə qaldırılmış cinayət işləri ilə bağlı olduğu da açıqlanıb. Bu işlər üzrə dinləmə mayın 2-nə təyin olunub. ABŞ Culian Assanjın ekstradisiyası ilə bağlı sənədləri iyunun 12-dək təqdim etməlidir.
 
Novator.az