12:40, 15 Fevral 2020 (Şənbə) 214

İlqar Məmmədov: “Mitinq MSK-nın qarşısında keçiriləcək”

İlqar Məmmədov: “Mitinq MSK-nın qarşısında keçiriləcək”
Müxalifət və müstəqil namizədlər mitinqi Mərkəzi Seçki Komissiyasının(MSK) qarşısında edəcəklər

Bu barədə Respublikaçı Alternativ (ReAL) Partiyasının  sədri İlqar Məmmədov öz feysbuk hesabında məlumat yayıb.

İlqar Məmmədovun sözlərinə görə, etiraz mitinqi 16 fevralda MSK-nın qarşısında olacaq: 
"Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq haqqımızı bu bir neçə gündə kobudcasına pozmuşdur. Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi 16 fevral 2020-ci il tarixində, saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçircəyik ("Azadlıq” metrostansiyasının yaxınlığında)”.

Partiya sədri qeyd edib ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilib.

Bu məlumatı D18 Hərəkatının sədri Ruslan İzzətli də təsdiqləyib.

Fevralın 11-də müxalif partiyalar və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı birgə mitinq keçirmək qərarı veriblər. 

Müsavat, ReAL partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə(BŞİH) müraciət edib.

Müraciətdə mitinqin 16 fevralda saat 15:00-dan 17:00-dək Bakı şəhərində "28 May” metrostansiyasının qarşısında keçirilməyi nəzərdə tutulub.

Əvvəlcə BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə icazə verilməsə də, daha sonra (BŞİH) mitinqin Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Müxalifət və müstəqil namizədlər yenidən əlavə yerlər təklif edərək BŞİH-nə müraciət etsə də, müraciətləri qəbul olunmayıb.

9 fevral 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutub.
 
 
Elmar Əziz