14:56, 15 Fevral 2019 (Cümə) 378

İnanclı fəala 20 sutka verildiyi deyilir

İnanclı fəala 20 sutka verildiyi deyilir
Sosial şəbəkədə özünü «Tural Divanə» kimi təqdim edən Tural Allahverdiyevə 20 sutka inzibati cəza verildiyi bildirilir.

Bununla bağlı hüquq müdafiəçisi Oktay Gülalıyev T.Allahverdiyevin yaxınlarına istinadən məlumat yayıb: «Yaxınlarının bildirməsinə görə, fevralın 13-də evlərinin yaxınlığında mülkigeyimli şəxslər onu saxlayıblar, 6 saylı polis bölməsinə aparıblar. Ancaq fevralın 14-də yaxınlarına bildiriblər ki, T.Allahverdiyev polisə müqavimət göstərdiyinə görə saxlanıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati cəza verilib. Amma rəsmi olaraq nədə ittiham edilib, onu bilmirəm, çünki bu barədə məhkəmə qərarına baxmaq lazımdır».

Hüquq müdafiəçisi hesab edir ki, T.Allahverdiyev sosial şəbəkələrdəki fəallığı ilə bağlı saxlanıb. O.Gülalıyevin deməsinə görə, T.Allahverdiyev sosial şəbəkə vasitəsilə siyasi məhbusların müdafiəsi prosesində iştirak edib. Onun habelə dini mahnılar ifa etdiyi, həbsdə olan bəzi siyasi məhbus sayılan şəxslərin müdafiəsi ilə bağlı statuslar yazdığı bildirilir.

Ancaq bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Binəqədi Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Rəsmi qurumlar ölkədə siyasi məhbusların olması fikrini isə qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Azadlıq Radiosu