15:12, 23 Avqust 2019 (Cümə) 218

“İncəsənətə dəyər verməyən insanı qüsurlu insan hesab edirəm” - Reportaj

“İncəsənətə dəyər verməyən insanı qüsurlu insan hesab edirəm” - Reportaj
22 yaşlı Bakı şəhər sakini Elnarə Cabbarova hələ uşaq yaşlarından incəsənətə maraq göstərdiyini deyir.

Onun sözlərinə görə, anası müəllimə olduğundan ailəsi onun da eyni peşəyə sahib olmasını istəyib. 

Amma incəsənətə marağı onu başqa istiqamətə doğru çəkib. Nəticədə ortaq qərarla təsviri incəsənət müəlliməliyi bölümünü bitirib.
 
O, oxuduğu sahəyə laqeyidliyə görə bu ixtisas üzrə işləmədiyini söyləyir:
 
"Oxuduğum sahə üzrə işləməsəm də, bu ixtisası seçdiyim üçün peşman deyiləm. İşləməmə səbəblərim çoxdur, amma ən əsası da Azərbaycanda sənətə və sənətçiyə laqeyid  yanaşmadır”.
 
"Mənim əl işim kiminsə ən dəyərli əşyası olur...”
 
 

Elnarə xanım deyir ki, həyatı bir sualla dəyişib. 

Onun üçün incəsənətin hər sahəsi özəldir: "İncəsənətin hər sahəsinə vurğunam. Universitetdə 3- cü kursda oxuyan zaman düşünürdüm, bitirdikdən sonra müəllimə işləyərəm. Bir gün qrup yoldaşım "bundan sonra nə etmək istəyirsən” sualını verdi. Oturub düşündüm ki, həqiqətən mən gələcəklə bağlı nə edə bilərəm. O vaxt cavab vermişdim ki, istəyirəm əl işlərimi sata biləcəyim bir mağazam olsun. Çünki hesab edirdim ki, hazırladıqlarımı kimsə dəyər verdiyi birisinə hədiyyə verdiyində onun xoşbəxt olmasına səbəb olacaq”.

"Hərkəs boş iş olduğunu deyirdi”
 
 

Onun sözlərinə görə ilk əl işi hazırlamağa başlayanda yaxınları ona öz sahəsi üzrə işləməyi məsləhət görüb. İlk əl işlərini kağızdan hazırlayan Elnarə xanım bir müddət sonra daha fərqli işlər görmək üçün öz üzərində çalışıb: "Bu işə ilk vaxtlar başlayanda ailəm, qohumlar hətta qonşular belə öz ixtisasım üzrə işləməli olduğumu deyirdi. Mənim isə bir xəyalım vardı. Kim nə desə də, yolun başındaydım və özümə inanırdım. İndi xəyalıma gedən yolda ilk addımları atmışam”.
 
 

İncəsənətə olan diqqətsizlikdən gileylənən Elnarə Cabbarovanın sözlərinə görə, valideynlər övladlarını zorla oxutmaq istəyirlər, halbuki incəsənətin ruha və mənəviyyata nə qədər gözəl təsir etdiyini anlamırlar: "Mən insanları anlamıram, çünki hər şeyi pula görə dəyərləndirirlər. Düzdür, bu sahədə həqiqətən pul yoxdur. Yəni sənin əziyyətinə dəyəcək qədər çox deyil. İnsanlar incəsənəti pul üçün seçirlərsə, heç seçməsinlər. İncəsənəti sevən və ardına düşən heç bir insanda indiyə qədər pul eşqi görməmişəm. Sənət hər şeydən üstündür”.

"İnsanda nə isə bacarmaq istəyi və inam olmalıdır”
 
 

"Boyunbağıları 3 aydır hazırlamağa başlamışam. Hər saniyə özümü inkişaf etdirmək üçün çalışıram. İlk başlarda kağızla başladım, daha sonra hədiyyə qutuları hazırlamağa keçdim. Bir gün internetdə bir maddə ilə tanış oldum və öz-özümə niyə də bunlardan boyunbağı hazırlamayım sualını verdim. Təbiəti, gülləri çox sevirəm və bu ikisini birləşdirdim, ortaya belə əl işi çıxdı. Düzdür, etdiyim böyük bir şey deyil, amma mən risk etdim və bu, məndə alındı. İnsanlar həyatlarında ən az bir dəfə risk almalı, özünə güvənməli və xəyallarını gerçəkləşdirmək üçün ilk addımı atmalıdırlar. Əlbəttə, hər kəsin içində onun yarada biləcəyi bir əsər və ya hər hansı bir iş var. İnsan ilk öncə özünü tapmalı və kiməsə qulaq asmamalıdır”.

Əbülfət Baxşəli