17:33, 18 May 2018 (Cümə) 605

"Çində daha çox texniki elmlərə üstünlük verilir" - Azərbaycanlı tələbə

Bu sözləri Çində təhsil alan azərbaycanlı tələbə Cavid Əlyarlı deyir.

Cavid Əlyarlının 23 yaxşı var. Çinin Zhejiang Universitetində magistr təhsili alır. 
 
 

"Mən Zhejiang Universitetinin Çin elmləri üzrə magistr tələbəsiyəm. İxtisasımın Çin elmləri olmasına baxmayaraq, təhsil ingilis dilindədir, amma çin dili və ingilis dilində qarışıq keçirilən bəzi dərslər də var”. 

Cavid Əlyarlı deyir ki, Çində oxumaq üçün nəzərdə tutulan proqrama müraciət may ayının 20-nə kimi davam edir, bu, həm də universitetin təklif etdiyi təqaüd üçün son müraciət tarixidir: "Qəbul prosesində daha çox namizədlərin ixtisasa nə qədər həvəsli olmasına və bir öncəki akademik göstəricilərinə nəzarət yetirirlər”.

"Çin düşüncə tərzini daha yaxşı dərk etmək üçün orada təhsil almağı seçdim”
 
 

"Çində təhsil almaq həvəsim bakalavrda oxuyandan bəri var idi. Beynəlxalq Münasibətlər üzrə oxuduğum müddətdə Çinin həm iqtisadi və siyasi arenada, həm də sosial elmlərdə gücünün artdığını müşahidə edirdim. Bütün bu proseslər təbii ki, bir-biri ilə qarşılıqlı əlaqədə olan səbəblərdir. Qlobal iqtisadi məkanda Çinin nə qədər payı artırsa, beynəlxalq siyasi məsələlərdə də bir o qədər cəlb olunur və söz sahibi olur. Bu da Çin ilə bağlı araşdırmaların, xüsusilə də Qərb təhsil mərkəzlərində Çin institutlarının açılmasına şərait yaradır. Mən də artıq 10 ildir ki, bu inkişafın arxasında duran dinamizmi öyrənmək, Çin düşüncə tərzini daha yaxşı dərk etmək üçün Çində təhsil almağı seçdim”, – tələbə deyir.

Onun sözlərinə görə, bu ixtisas karyera imkanları baxımından akademik sahədə işləmək üçün gözəl fürsətlər yaradır: "Buna universitetlər, araşdırma mərkəzləri nümunə ola bilər. Çünki ixtisas Çinə xarici siyasətindən tutmuş, ailə strukturuna kimi çox geniş perspektivdən yanaşır və təbiidir ki, elmi iş müddətində və məzun olduqdan sonra hər kəs özünə ən yaxın istiqaməti seçir. Həmçinin beynəlxalq təşkilatlar, xüsusilə onların Çin və ya Asiya ofisləri kimi praktiki iş imkanları da mövcuddur. Təhsilimi bitirdikdən sonra Çində qalıb, Çin dilini, cəmiyyətini və siyasi sistemini daha dərindən öyrənməyi düşünürəm. Daha sonra Azərbaycanın xarici siyasətində Çinlə bağlı imkanları daha da yaxşılaşdırmaq üçün çalışmaq istəyirəm”.

C. Əlyarlı deyir ki, Çində təhsilə diqqət gün-gündən artır: "Dövlət öz tələbələrinə xaricdə təhsil almaları üçün yüksək təqaüd imkanı yaradır. Eyni zamanda beynəlxalq ekspertlərə və tələbələrə Çində oxumaları üçün də təqaüd ayırır. Azərbaycanla Çinin təhsil fərqi daha çox bundadır. Bununla yanaşı, universitetlərin xarici təhsil müəssisələri ilə əməkdaşlığında da say fərqi kəskindir. Qarşılıqlı tələbə və müəllim mübadilə proqramları imzalanır və bu da universitetlərin beynəlxalq nüfuzuna müsbət təsir göstərir”. 

"Oxuduğum universitet dünyanın ən yaxşılarındandır”
 


Cavid Əlyarlının sözlərinə görə, hazırda təhsil aldığı Zhejiang Universitetinin 15-dən çox universitetlə beynəlxalq əməkdaşlığı var və dünyanın ən yaxşı 100-150 universitetlərindən biri hesab olunur: "Fikrimcə, universitetlərin lojistik baxımından nəzərə çarpan tərəfləri bunlardır: kitabxanaların sayı, həcmi və resursları, laboratoriyalarda geniş imkanlar, yataqxanaların yerləşdikləri yerlər və şəhərciklərdə salınan yaşıllıq səviyyəsi. İxtisasların mənimsənilməsi baxımından isə daha çox texniki elmlər öz üstünlüyü ilə seçilir. Məhz elə bu sahə Çin təhsilinin dinamikası sayılır”.

Lalə İsgəndərli
Toplum.Tv