16:54, 13 Fevral 2019 (Çərşənbə) 404

“İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar”

“İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar”
"İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”. Yap.org.az-ın 13 fevral məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə belə deyib.

Əli Əhmədov bildirib ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək mümkün deyil: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu bəla bütün dünyada geniş vüsət alıb, cəmiyyətlərdə bir gərginlik yaradır. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”.

İcra katibi qeyd edib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir:

"Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.

Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, internet informasiya ehtiyatında böhtan min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

148-ci maddəyə əsasən, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma (təhqir) min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

148-1-ci maddədə qeyd olunur ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atmağa və ya təhqir etməyə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

"Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

Novator.az