17:21, 18 Noyabr 2020 (Çərşənbə) 4840

İqbal Ağazadə: “Rusiya sülhməramlıları bölgədən çıxarıla bilər”

İqbal Ağazadə: “Rusiya sülhməramlıları bölgədən çıxarıla bilər”
"Putin həm Ermənistanı, həm də Azərbaycanı itirməməyə çalışır. Onun dedikləri bir qədər təhdid, bir qədər də xoşgörü xarakterli idi. Hər yeni vəziyyətin özü status-kvodur və Rusiya prezidentinin işarə etdiyi status-kvo indi mövcud olan durumdur. Bunu əvvəlki qorxulu status-kvo ilə eyniləşdirmək olmaz. İndikinin gələcəkdə hansı formada dəyişəcəyi müzakirələrin gedişatında bilinəcək. Amma Rusiya bu gedişatı sırf tarixin ixtiyarına da buraxmaz. Putin ATƏT-in Minsk qrupunun bu prosesə qarışmasın istəmir. Çünki digər həmsədr dövlətlər məsələyə qarışsa, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına son qoyula bilər” -  "Ümid” Partiyasının sədri İqbal Ağazadə Rusiya Prezidenti Vladimir Putinin "Rossiya 24” telekanalına müsahibəsində (17 noyabr) səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Həmin müsahibədə V.Putin "Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdəki rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcək” deyib. Bundan başqa, o, 2008-ci ildə Saakaşvili hökumətinin Gürcüstandakı Rusiya sülhməramlılarına "təhlükə yaratmasından”, nəticədə Rusiyanın hərbi əməliyyatlara başlayaraq Tbilisiyə qədər irəliləməsindən, sonra da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımasından danışıb. 

İ.Ağazadə bu sözləri ünvanlı mesaj olaraq qiymətləndirir: "Bu, imzasının arxasından çəkilmək istəyən və ya çəkilməyə meylli olan qüvvələr üçün hədələyici mesaj idi. Amma Abxaziya və Cənubi Osetiyaya qoşun yeridilməsindən artıq 12 il keçib. O zamanlar Cənubi Qafqazda Rusiyadan qopma prosesləri yeni başlayırdı. Faktiki olaraq ilk qaranquş Gürcüstan idi. Artıq nə Gürcüstan, nə Ukrayna, nə də son seçkilərdən sonra Moldova Rusiyanın yanındadır. Mən düşünürəm ki, bu müharibə Rusiyanın həm Ermənistanı, həm də Azərbaycanı itirməsi ilə nəticələnən bir proses oldu. Artıq hər iki cəmiyyətdə strateji əməkdaş kimi Rusiyaya etimad yoxdur. Putin tərəfləri hədələsə də, dünya artıq dəyişib. O anlayır ki, hakimiyyətdə tərəfdaşları olsa belə, xalq istəməsə, gec-tez mövqeyini ortaya qoyar və sülhməramlıları regiondan çıxarar”. 

Putinin öz ölkəsində satqınlıqda ittiham olunan Paşinyanı müdafiə etməsinə, onun axıra qədər döyüşmək istəməsindən danışmasına İ.Ağazadə belə münasibət bildirib: 
"İmzalanan anlaşmanın dayanıqlı olması üçün Putinə Paşinyanın hakimiyyətdə qalması lazımdır. Onun nə Paşinyan, nə də Ermənistan sevgisi var. Heç Azərbaycan sevgisi də yoxdur. Rusiya öz maraqlarından çıxış edir, bəyanatın ATƏT-in Minsk Qrupuna indikindən fərqli şəkildə getməməsi üçün Paşinyanın qalmasını istəyir. Amma hesab edirəm ki, Putin gələcəkdə Paşinyanı yıxmaq üçün bütün gücünü ortaya qoyacaq. Eyni zamanda, Paşinyan da buna davam gətirib Rusiyanın Ermənistandan çıxması üçün əlindən gələni edəcək”.

Nigar Səmədli