16:50, 30 Oktyabr 2019 (Çərşənbə) 102

İqtisadçı: "500 mənzilin varsa, 50 mənzil hökumətə çatır”

İqtisadçı:
Bina tikintisi ilə məşğul olan şəxslər dövlətə müəyyən hissə təqdim etdikdə, həmin əmlakın satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmayacaq.

Bu, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə ediləcək dəyişikliklərdə öz əksini tapacaq.

İqtisadçı ekspert Rövşən Ağayev öz  feysbuk hesabında dəyişiklik layihəsini şərh edib: "Bu nə deməkdir? Deməli, indiyədək Bakı şəhəri ərazisində tikinti şirkətləri tikdikləri çoxmərtəbəli binalardan 10%-ni dövlətə təqdim edib. Məsələn, 500-in mənzilin varsa, Bakı Şəhər İcra Hakimiyyətinin timsalında 50 mənzil hökumətə çatır”.

Rövşən Ağayev qeyd edib ki, biznesin üzərinə bu cür öhdəlik qoymaqla bağlı qanunvericilikdə hər hansı müddəa tapa bilməyib: "Tikinti şirkətlərindən birindən öyrəndim ki, bununla bağlı yalnız BŞİH-in məktubu var və onlar həmin məktuba istinad edərək mənzilləri təqdim edirlər”.

İqtisadçı bildirib ki, burada şəffaflıq olmalıdır, il ərzində nə qədər sərbəst mənzil fondu yarandığı ictimaiyyət üçün açıqlanmalıdır: "Hökumət Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq həmin mənzilləri sosial məsuliyyət müqaviləsi əsasında sosial kirayə fondunun yaradılmasında istifadə edərsə, cəmiyyət daha çox fayda götürərdi. İndi isə belə görünür ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə tikinti şirkətlərinin dövlətə verdiyi pay-hissə öhdəliyi leqallaşır, hüquqi əsas yaranır və həmin pay üzrə dövriyyə vergidən azad edilir. Faktiki bu addımla hökumət biznesin mənfəətinin əhəmiyyətli bir hissəsinə şərik çıxır. Sabah hökumət eyni məntiqlə istənilən biznesə deyə bilər ki, məhsulunuzun hansısa bir hissəsini bizə əvəzsiz ödəməlisiniz. Amma belə görünür bütün tikinti şirkətləri hallarından məmnundurlar”.
 
Elmar Əzizli