18:46, 03 Sentyabr 2019 (Çərşənbə axşamı) 771

İqtisadçı: "Azərbaycan MDB məkanında 8-ci sıradadır"

İqtisadçı:
"Azərbaycanın əmək haqlarının səviyyəsinə görə MDB ölkələri  arasında "lider" dövlətə çevrildiyini bəyan edirlər”.

Bunu iqtisadçı Qubad İbadoğlu öz feysbuk hesabında yazıb.

O bildirib ki, əslində, Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında əmək haqlarına görə 8-ci yerdə qərar tutur: "ABŞ-da Azərbaycan televiziyalarını izləməsəm də,  bilirəm ki, hazırda gündəmi zəbt edən əsas mövzu Azərbaycanda sentyabrın 1-dən artan əmək haqlarıdır. Çox güman ki, çıxış edənlər Azərbaycanın əmək haqlarının səviyyəsinə görə lider dövlətə çevrildiyini bəyan edirlər. MDB Statistika Komitəsinin verdiyi məlumata görə,  keçmiş sovet respublikalrının 2019-cu ilin nominal əmək haqları Rusiya 1265, Belarusda 880, Qazaxıstanda 741, Ukrayna 729, Moldova 689, Gürcüstan 649, Ermənistan 646, Azərbaycan 593 manatdır. MDB statistika komitəsini verdiyi məlumata əsasən Azərbaycan 8-ci sıradadır". 

Bəs əmək haqqının artımı Azərbaycandakı infilyasiyaya, insanların yaşayışına necə təsir edəcək?

İqtisadçı Natiq Cəfərli Toplum TV-yə deyib ki, Azərbaycanda hələ ki infilyasiya kifayət qədər aşağıdır: "Çünki bizdə infilyasiya ilə bağlı alternativ variantlar yoxdur. Bununla bağlı yalnız Dövlət Statistika Komitəsinin verdiyi məlumatlar var. Çox zamanlarda aydın olur ki, rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq yaranır. Azərbaycanda alternativ statistik məlumatlar olmadığı üçün ancaq rəsmi məlumatlara istinad etmək mümkün olur. Burada 3 % civarında infilasiya rəqəmləri açıqlanır. Bu da reallığı əks etdirmir".
 
 
Natiq Cəfərli 

Onun sözlərinə görə, reallıqda Azərbaycanda infilyasiya və qiymət artımı ilə bağlı rəsmi verilən məlumatlar arasında 2 dəfə fərq var: "Bu da insanların nəzərinə çarpacaq dərəcədə baş verir. Azərbaycanda əlavə statistik məlumatlar bazasının yaranmasına ehtiyac var. Ancaq dövlətin verdiyi məlumatlara istinad etmək olmaz. Bizim iqtisadçı ekspertlər olaraq, alternativ hesablamalar aparmaq üçün məlumat bazasına çıxış imkanlarımız olmalıdır, amma təəssüf ki,  bu məlumatlara çıxış  Azərbaycanda yox dərəcəsindədir. Əsas problemlərdən də biri məhz budur”.

Şəmsiyyə İbişova