01:26, 18 Sentyabr 2019 (Çərşənbə) 59

İqtisadçı: "Büdcə layihəsi İqtisadiyyat Nazirliyinin göstəriciləri ilə üst-üstə düşmür"

İqtisadçı:
2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə və ictimaiyyətə təqdim edilib.

Maliyyə Nazirliyinin təqdim etdiyi büdcə layihəsində gələn il üçün bir sıra göstəricilər açıqlanıb.

Bu göstəricilər arasında bəzi rəqəmlər müzakirə mövzusu olub.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bu rəqəmlər arasından ən çox diqqət çəkən bəzi göstəriciləri müqayisəli şəkildə təqdim edib. 

Qazaxıstan, Rusiya və Azərbaycan arasında aparılan müqayisədən aydın olur ki, büdcə gəlirlərindən adambaşına düşən ən az gəlir Azərbaycandadır. 

Qazaxıstanda adambaşına 1666, Rusiyada 2027, Azərbaycanda isə 1440 dollar pul düşür. Sosial sahəyə ayrılan xərclərə görə, adambaşına düşən gəlir müqayisəsində Azərbaycan Rusiyanı qabaqlaya bilib. Qazaxıstanda sosial sahə üçün adambaşına 861, Rusiyada 547, Azərbaycanda isə 660 dollar vəsait düşür.

İqtisadçı həmçinin qeyd edir ki, bu ölkələr arasında resurs gəlirlərini büdcəyə ən çox cəlb edən Azərbaycandır. 

Belə ki, Maliyyə Nazirliyinin hesablamalarına görə, 2020-ci il üçün dövlət büdcə gəlirlərinin 43 faizi qeyri-neft sektorunun, 57 faizi neft sektorunun payına düşəcək.

Ekspert bu göstəricinin İqtisadiyyat Nazirliyinin göstəriciləri ilə üst-üstə düşmədiyini deyib. 

İqtisadiyyat Nazirliyinin hazırladığı Azərbaycanın 2020-2023-cü illəri əhatə edən dövründə ÜDM  tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz proqnozlaşdırılıb.

İqtisadçı Qazaxıstanda dövlət büdcəsinə transfertlərin həcmi ilə bizim büdcə layihəsini də müqayisə edib.

Qazaxıstanda dövlət büdcəsinə transfertlərin həcmi cari dövrün məzənnəsi ilə 8 milyard ABŞ dolları həcmində müəyyənləşdirilib. 

Ekspert deyir ki, Qazaxıstanda transfertin məbləği iqtisadiyyatın durumundan asılı olaraq 15% artırılıb-azaldıla bilər: "Qazaxıstan parlamentinə ölkədə iqtisadi artım olanda transfertin məbləğini 8 milyard dollardan 15 faizə qədər azaltmaq, iqtisadi tənəzzül olanda isə həmin məbləğə 15 faiz əlavə etmək hüququ verilib. Odur ki, Qazaxıstanda iqtisadi artım olduğunu nəzərə alanda büdcə gəlirlərində milli fonddan birbaşa trasfertlərin payı 25 faiz ətrafındadır”.

"Lakin 2020-ci ilin büdcəsi üçün nəzərdə tutulan transfertin payı 48 faiz təşkil edəcək”, - deyə Qubad İbadoğlu qeyd edib.

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. 

Bu, 2019-cu il ilə müqayisədə hər bareldə 5 dollar azdır.

Uğur Fərzəli