17:31, 24 Dekabr 2020 (Cümə axşamı) 539

İqtisadçı ekspert: “Elman Rüstəmovun açıqlaması qeyri-peşəkar yanaşmadır”

İqtisadçı ekspert: “Elman Rüstəmovun açıqlaması qeyri-peşəkar yanaşmadır”
"Azərbaycanda elə bir iqtisadi sistem qurulub ki, manatın məzənnəsini bazarın müəyyən etməsi yaxın gələcəkdə mümkün deyil. Yəni biz bu sahədə sərbəst rejimə keçə bilməyəcəyik və hansı məzənnədə sabit qalacağımız hökumətin verdiyi qərarla müəyyən olunacaq”. 

Bu sözləri "Toplum TV”-yə açıqlamasında iqtisadçı Natiq Cəfərli deyir. 

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov pandemiya fonunda manatın devalvasiyasının gözənilmədiyini və digər ölkələrdən fərqli olaraq qlobal virus səbəbilə Azərbaycanda ciddi heç nəyin baş vermədiyini bildirib. O həmçinin qeyd edib ki, təqdim olunan büdcə məhz stabil məzənnə və çox aşağı inflyasiya üzərində qurulub.
 
İqtisadçı Natiq Cəfərli isə Elman Rüstəmovun söylədiklərinin reallığı əks etdirməyini düşünür. Onun sözlərinə görə, pandemiya bütün dünyaya təsir edib, bununla bağlı rəsmi rəqəmlər də ortadadır. 


"Azərbaycanda ümumdaxili məhsul 4,3 faiz azalıb, eyni zamanda qeyri-neft sektoru, sənaye məhsulları istehsalı, xidmət sahəsində də azalma müşahidə olunub. Mart ayında Azərbaycanda rəsmi rəqəmlərə görə, 90 700 işsiz var idi, pandemiya başladıqdan sonra isə işsizliklə bağlı 600 min insana müavinət verildi. Hətta kvota dolduğu üçün 10 minlərlə insanın müraciəti qəbul olunmadı. Yəni birdən-birə işsizliyin sayında da artım müşahidə edildi. Bu baxımdan "pandemiyanın Azərbaycana təsiri yoxdur” demək, rəsmi rəqəmləri təkzib edərək reallığı görməzdən gəlməkdir”.

Manatın devalvasiyası ilə bağlı danışan ekspert Azərbaycanda valyuta məzənnəsinin siyasi faktorlardan asılı olduğunu, halbuki məzənnənin iqtisadi kateqoriya olduğunu, onun iqtisadi reallığa və zərurətə görə dəyərləndirilməli olduğunu söyləyir. 

"Azərbaycanda isə məzənnə bazar iqtisadiyyatına görə müəyyənləşdirilmir. 2015-ci ildə Mərkəzi Bank elan etdi ki, 2016-cı ildən üzən məzənnə rejiminə keçiləcək, daha sonra 2018-ci ildə də bu prosesin baş verəcəyi söyləndi, amma heç biri gerçəkləşmədi. Həmin müddətdən etibarən həmin söz unuduldu. Hətta özləri də etiraf etdilər ki, üzən məzənnə iqtisadi kateqoriyaya görə deyil, inzibati qaydada tənzimlənən rejimdir. Bu səbəbdən də nə vaxtsa siyasi qərarla dəyişdiriləcək”. 

Deputat Vüqar Bayramov da manatın məzənnəsinin formalaşmasının birbaşa olaraq Mərkəzi Bankın qərarından asılı olduğunu bildirir. 

"Mərkəzi Bankın xeyli müddətdir bazarda manat-dollar tarazlığına nəzarət etdiyini nəzərə alsaq, praktik olaraq valyuta bazarındakı qərarlar da bu qurum tərəfindən verilir. Bu baxımdan 2021-ci ildə də məzənnənin necə dəyişməsi Mərkəzi Bankın qərarından asılı olaraq müəyyənləşəcək. Valyuta siyasəti həyata keçirilən zaman ölkədaxili valyutaya olan tələb, eyni zamanda  xarici faktorlar da nəzərə alınır. Baxmayaraq ki, 2020-ci ilin mart-aprel aylarında Azərbaycan manatına təzyiqlər var idi, Mərkəzi Bank manatın məzənnəsindəki stabilliyi qoruyub saxladı. Bundan sonrakı dönəmdə də  Bankın intervensiyası və mövqeyi məzənnənin müəyyənləşməsində rol oynayacaq” – deputat belə qeyd edir. 


İqtisadçı Qadir İbrahimli isə Elman Rüstəmovun pandemiyanın Azərbaycana heç bir təsiri olmaması haqda açıqlamasını qeyri-peşəkar yanaşma hesab edir. O, pandemiyanın ölkə iqtisadiyyatına böyük təsirləri olduğunu, xüsusilə də xidmət sektorunun əhəmiyyətli dərəcədə kiçildiyini, statistikanın da bunu göstərdiyini söyləyir. 

"Devalvasiya ilə bağlı ehtimallara gəldikdə isə hesab edirəm ki, yaxın 6 ayda devalvasiya riski zəifdir. Lakin yenə də hər şey neft bazarında baş verən proseslərdən və indiki karantin rejiminin neçə ay davam etməsindən asılıdır” – Qadir İbrahimli belə deyir.

Natiq Cəfərli uzun zaman manatın məzənnəsinin sabit qalmasının ölkə iqtisadiyyatına ziyan vurduğunu düşünür.

"Bunu 2005-2015-ci illərdə gördük. Manat dollardan baha idi, 10 il sabit qaldı, sonradan isə məcburən devalvasiya baş verdi. Yəni, ölkə iqtisadiyyatına hansı məzənnə daha sərfəlidirsə, o olmalıdır. Mənim iqtisadi biliklərim və analizlərim onu göstərir ki, ətraf ölkələrdə milli valyutalar dəyərdən düşdüyü və yumşaq formada getdiyi üçün onların iqtisadiyyatına ciddi ziyan vurmadığı halda həmin ölkələrdən Azərbaycana idxalı stimullaşdırır. Nəticədə biz sadəcə idxal edirik, nəinki istehsal. Bütün bunları götürsək təbii ki, manatın məzənnəsi dəyişməlidir”. 

Nigar Səmədli