19:00, 07 Avqust 2019 (Çərşənbə) 138

İqtisadçı: "Neftin qiyməti düşərsə, dollara tələbat artacaq"

İqtisadçı:
Neftin dünya bazarında qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb.

Brent markali neftin 1 barelinin qiyməti artıq 58.23 dollara satılır. 

Azərbaycan markası olan "Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 0,63 dollar azalaraq 62,32 dollar olub.

Azalmaya səbəb kimi ABŞ-ın sentyabr ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etməsi göstərilir. 

Bu hadisə ticarət müharibəsində yeni mərhələ başladıb.

Neft bazarı ilə bağlı Beynəlxalq Energetika Agentliyi (İEA) yeni proqnozlar səsləndirib.

İEA-ya görə, ilin başlanğıcında 2019-cu il ərzində neftə gündəlik tələbin 1 milyard 560 milyon barel artacağı kimi proqnozlar olsa da, bu, özünü doğrultmadı: "Tələb cəmi 1 milyon bareldir və bu proqnozdan 560 min az barel deməkdir. Əvəzində təklif daha sürətlə genişlənir”.

Neftə tələbin çox olması neft qiymətlərini artırır. Təklif çox olanda isə əksinə neft qiymətlərində azalmaya səbəb olur.

İEA ekspertləri hesab edir ki, OPEC-ə üzv olmayan ölkələrin hesabına bazara daxil olan gündəlik əlavə təklif yaxın zamanlara 2.8 milyon barelə çatacaq.

OPEC - Neft İxrac Edən Ölkələr Birliyidir. Bu birliyə əsasən Yaxın Şərq, Afrika və Cənubi Amerika ölkələri daxildir. Birlik içərisində inkişaf etmiş ölkə yoxdur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov  neft qiymətində azalmaların gözlənilən olduğunu deyib: "Yeni qiymət düşüşləri də istisna olunmur. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu, baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq, indi qlobal arenada heç nə neft ölkələrinin xeyrinə dəyişmir”.

Ekspert qeyd edib ki, neft qiymətlərində kəskin enişlər olarsa, ölkəmizə daxil olan valyutanın həcmi yenidən azaldacaq: "Azərbaycan ixracatının 90 faizinin enerji məhsulları olduğunu nəzərə alsaq, "qara qızıl”ın qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var”.

Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub.

İqtisadçı monetar təsirlərə izah verərək deyib ki, Mərkəzi Bank üçün 50 dollardan aşağı neft qiyməti "qırmızı zonaya” daxil olmaq anlamına gəlir: "Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”.

İqtisadçı Rövşən Ağayev isə neftin qiymətinin düşməsi ilə bağlı məsələdə Azərbaycanı nələrin gözlədiyini deyib. O deyir ki, iqtisadiyyatı neftdən yüksək asılılığı olan ölkələr üçün çətin günlərin əlamətləri aşkar görünür.
 
 
Rövşən Ağayev 

Ekspertə görə, əgər Çin ABŞ ilə qarşıdurmadan istifadə edib İrandan idxalı bərpa etsə, ssenaridə vəziyyət daha da pisləşəcək.

Uğur Fərzəli