18:22, 26 Aprel 2019 (Cümə) 365

İqtisadçı: “Uçod dərəcələrinin azaldılması kreditlərin ucuzlaşmasına səbəb olmalıdır”

İqtisadçı: “Uçod dərəcələrinin azaldılması kreditlərin ucuzlaşmasına səbəb olmalıdır”
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin azaldılması ilə bağlı qərar qəbul edib.

AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında, uçot dərəcəsinin 9%-dən, 8,75%-ə endiriləcəyini deyib.

Sədrin sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən edilib.

İqtisadçı Toğrul Maşallının fikrincə, faiz dəhlizinin aşağı düşməsinin əsas mənası kreditlərin dəyəridi: "Amma kreditlərin dəyəri Azərbaycanda bir çox halda Mərkəzi Bankın qərarından asılı deyil. Çünki uçot dərəcəsi əsasən Mərkəzi Bankdan verilən kreditlərlə bağlıdır. Uçot dərəcəsinin endirilməsi əslində kreditlərin ucuzlaşdırılmasına gətirib çıxarmalıdır”.

Ekspertə görə, 0,25 faizlik ucuzlaşdırma heç də kreditlərin ucuzlaşmasına imkan verməyəcək: "Mərkəzi Bankın fikrinə görə, il ərzində bizdə inflyasiya çox aşağı səviyyədə olacaq. Onlar da bunu deyir ki, 3 ay ərzində 2,5 faiz olub, il ərzində 4 faizdən yuxarı olmayacaq. Hətta bundan aşağı da ola bilər. Yəni mənası odur ki, biz artıq müəyyən qədər öz kreditlərimizi uculaşdıra bilərik, çünki burda bir mütənasiblik var. Yəni kreditlər bahadırsa, inflyasiya aşağı düşəcək və insanlar daha az kredit ödəyəcəklər”. 

Toğrul Maşallıya görə kreditlər ucuzdursa, dövriyyədə pulun həcmi artır: "Bu isə onların fikrincə, inflyasiyaya əlavə risklər yaratmayacaq. Çünki pulun dövriyyəsinin artması bəzi risklər yaradır.  Elman Rüstəmov deyib ki, inflyasiya onsuz da aşağıdır və bu əlavə risk ən yaxşı halda 2 faiz yüksək ola bilər”.

Uçot dərəcəsi nədir və iqtisadiyyata necə təsir edir?

Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Anlaşıqlı dildə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. 

Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan olur. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Nəticədə, insanların sahib olduğu pul kütləsi artdıqca, edilən alış-veriş həcmi də artır. Beləliklə, məhsulların dəyəri yüksəlir. Məhsul həcmi azaldıqca, satıcılar qiymət qaldırmağa başlayır. Bununla bərabər inflyasiya artır. 

İnflyasiyanın yüksək olması insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksək olarsa, insanların yaşayış səviyyəsi bir o qədər enməyə başlayır və təbii ki, bu əhalini qane etmir. Bu vəziyyət isə dövlət üçün təhlükə yaradır.
AMB faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq.
 
Uğur Fərzəli