13:51, 13 Avqust 2019 (Çərşənbə axşamı) 58

"İran Xəzər dənizindən qaz kəmərinin çəkilməsinin əleyhinədir" - Bəhruz Namdari

İran ekologiya baxımından Xəzər dənizindən qaz kəmərinin çəkilməsinin əleyhinədir. 

Turan İA xəbər verir ki, bunu İran Milli Qaz Şirkətinin nümayəndəsi Bəhruz Namdari  Xəzər İqtisadi Forumunda çıxışında bildirib.

"Şərqdən Xəzər dənizinin qərbinə qaz kəmərinin çəkilməsi regionun ekologiyasına ciddi ziyan vura bilər. İran onun inşasının əleyhinədir"

O, Bakı və Aşqabada təklif edib ki, Avropaya qaz nəqli üçün İranın infrastrukturundan istifadə etsinlər.

Eyni zamanda Moskvada Rusiya hökumətinin aparat rəhbərinin müavini Sergey Prixodko işarə edib ki, Rusiya ekoloji səbəblərdən Transxəzər qaz kəməri layihəsinin əleyhinədir.

"Xəzərdə iri layihələr qərəzsiz ekoloji ekspertizadan keçirilməlidir", - o, avqustun 12-də deyib.

Onun sözlərinə görə, bundan öncə beş Xəzəryanı ölkə arasında imzalanmış ətraf mühitin qiymətləndirilməsinə dair protokol "Xəzər sahilində yerləşən hər bir dövlətə transərhəd xarakterə malik dəniz fəaliyyətinin hərtərəfli ekoloji ekspertizasında iştirak etmək hüququ verir.

Bir il öncə Xəzəryanı ölkələrin liderləri Xəzərin hüquqi statusuna dair Konvensiya imzalayıblar. Sənədə görə, belə layihələr ancaq qaz kəmərlərinin keçdiyi ərazi sularına malik ölkələr ilə razılaşdırılmalıdır.

Aşqabad və Bakı Xəzərin dibi ilə Türkmənistan sahilindən Azərbaycana, sonra isə Türkiyə vasitəsilə Avropa İttifaqına qaz kəməri çəkməyi planlaşdırırlar.