11:20, 26 Noyabr 2018 (Bazar ertəsi) 260

İranda 6,3 bal gücündə zəlzələ olub

İranda 6,3 bal gücündə zəlzələ olub


/ DÜNYA
İranın qərbində, İraqla sərhəd yaxınlığında 6,3 bal gücündə zəlzələ olub, dövlət televiziyası 600-dən çox adamın xəsarət aldığını bildirir.

Rəsmilərin noyabrın 26-dan səhər bildirməsinə görə, zəlzələdə ölənlərin olub-olmadığı hələ dəqiqləşdirilir.

Bir il öncə həmin ərazidə baş vermiş zəlzələdən 600-dən çox adam ölmüş, 9 mindən çox adam yaralanmışdı.

İranın dövlət fövqəladə departamentinin rəhbəri Pir Hossein Kolivand dövlət televiziyasına deyib ki, adamların çoxu zəlzələnin hiss olunduğu zaman qaçmağa çalışarkən xəsarət alıblar.

"Xoşbəxtlikdən zəlzələ daha böyük şəhərlər yaxınlığında baş verməyib. Amma kəndlərə ziyan dəymiş ola bilər. Ümid edirəm, ərazidə çox kənd yoxdur”, – İran seysmoloji mərkəzinin rəhbəri Ali Moradi dövlət televiziyasına deyib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ İraqla sərhəddəki İlam şəhərindən 114 kilometr şimal-qərbdə, 10 km dərinlikdə baş verib.

IRIB dövlət televiziyası təbii fəlakətin İranın qərbindəki Kirmanşah vilayətində Sarpol-e Zahab kürd şəhərində baş verdiyini xəbərləyib.

2017-ci ilin noyabrında həmin ərazi yaxınlığında 7,3 bal gücündə zəlzələdən azı 620 nəfər həlak olmuş, minlərlə adam yaralanmışdı.

Fars yarırəsmi xəbər agentliyi zəlzələnin ölkənin altı vilayətində də hiss olunduğunu bildirib.

İraq Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Bağdadda, həmçinin İraqın şimalındakı kürd regionunun paytaxtı Ərbildə də hiss olunub.

Küveytin Kuna dövlət xəbər agentliyi zəlzələnin ölkənin sahil ərazilərində hiss olunduğunu bildirir.

2003-cü ildə İranın cənub-şərqindəki Kirman vilayətində 6,6 bal gücündə zəlzələdən 31 min nəfər həlak olub, Bəm tarixi şəhərinin böyük hissəsi dağılıb.

Azadlıq Radiosu