14:00, 01 Avqust 2019 (Cümə axşamı) 59

İranda hicabsız foto çəkdirən qadınları 10 il həbs gözləyir

İranda hicabsız foto çəkdirən qadınları 10 il həbs gözləyir


/ DÜNYA
ABŞ-da qərargahlanan fəala hicabsız fotolarını göndərən iranlı qadınları 10 ilədək həbs cəzası gözləyir.

Bu barədə Amerikanın Səsi xəbər verib.

Xəbərdə deyilir ki, Məsih Əlinejad "Ağ Çərşənbələr” adlı başlatdığı kampaniyada qadınları açıq başlı şəkillərini saytda yerləşdirməyə çağırıb. Məqsəd İran rejiminin tətbiq etdiyi məcburi hicaba etiraz bildirməkdir.

Tehran İnqilab Məhkəməsinin rəhbəri Musa Qəzənfərabadi deyib ki, "baş örtüyünü çıxarıb öz fotolarını bu qadına göndərən adamları 1 ildən 10 ilədək həbs cəzası gözləyir.”

İranda bütün qadınlar üçün hicab geyinmək məcburidir. Bu qaydanı pozan qadınlara adətən iki aylıq həbs cəzası verilir və onlar $25 dollar həcmində cərimələnir.

İranın yarı-hərbi milis qüvvələri "Bəsic” təşkilatı qadınlar cəmiyyətinin başqanı Minu Aslani Təbrizdə mətbuat nümayəndələri ilə görüşündə hicabla bağlı təşviqi kampaniyaların genişləndiyini açıqlayıb.

Dövlətə məxsus İRNA xəbər agentliyi Minu Aslaniyə istinadən bildirir ki, hazırda İranın müxtəlif bölgələrində 52,000 fəal dəstə hicab təbliğatı ilə məşğuldur.

"Bu dəstələrin üzvləri hicab mədəniyyətini yaymaq yönündə proqramlar həyata keçirir və qadınları hicaba riayətə razı salmaq üçün onlarla üz-üzə görüşürlər”-  Bəsic komandiri bildirib.

Minu Aslani "təşviq və inandırmaq”dan söz açsa də, sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, Bəsic təşkilatının qadın qüvvələri hicaba tam riayət etməyən qadınlara qarşı güc tətbiq edirlər.