12:34, 15 İyul 2019 (Bazar ertəsi) 148

İranda iki türk fəalı 9 il və 5 il həbsə məhkum edib

İranda iki türk fəalı 9 il və 5 il həbsə məhkum edib


/ DÜNYA
Tehran İnqilab məhkəməsi keçən fevral ayından bəri Evin həbsxanasında nəzarətdə saxlanılan türk dil haqları müdafiəçiləri Tovhid Əmir-Əmini və Kiyanuş Aslani Qocabəylini 9 və 5 il həbsə məhkum edib.

Bu barədə Amerikanın Səsi məlumat verib.

İnsan haqları üzrə məlumat yayan HRA agentliyi və bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri bu haqda məlumat yayıblar.

Onların məlumatına əsasən, Kiyanuş Aslani Qocabəyli haqqında əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlükdən məhrumiyyət cəzası çıxarılıb.

Hökmün Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən çıxarıldığı bildirilir.

HRA-nın bildirdiyinə görə, hər iki fəal "milli təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və sözləşmə” ittihamı ilə günahlandırılarkən, Tovhid Əmir-Əmini əlavə olaraq "rejimə qarşı təbilğat fəaliyyəti” göstərməkdə günahlandırılıb.

İranın təhlükəsizlik qüvvələri Kiyanuş Aslani və Tovhid Əmir-Əminini fevral ayının 21-də Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar həbs ediblər.

Əmir-Əmini keçən beş il ərzində Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar bir neçə dəfə nəzarət altına alınaraq, həbs və şallaq cəzalarına məhkum edilib.

İran İslam Respublikası qeyri-fars icmaların Dünya Ana Dili Günü münasibətilə tədbir keçirmələrinə maneələr törədir.

Son vaxtlar İran Azərbaycanı və Tehranda türk fəallara qarşı məhkəmə basqılarının sistemli şəkildə artdığı müşahidə edilir.