16:29, 09 Yanvar 2021 (Şənbə) 51

İranlı deputat: "Müfəttişləri ölkədən qovacağıq"

İranlı deputat:
Seyid Əli Xamneyi
FOTO: 313news.net

"ABŞ bu il fevralın 21-dək İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırmasa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərini ölkəmizdən deportasiya edəcəyik”.

İranın "Mehr” agentliyinin xəbərinə görə, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü, deputat Əhməd Əmirabadi yanvarın 9-dakı televiziya çıxışı zamanı deyib.

"Biz amerikalılara bir ay vaxt veririk. ABŞ-ın yeni prezidenti Co Bayden yanvarın 21-də vəzifəsinin icrasına başlayacaq. O, İrana qarşı tətbiq edilən sanksiyaları, xüsusilə də maliyyə, bank və neft sahələri üzrə məhdudiyyətləri fevralın 21-dək aradan qaldırmasa, AEBA-nın müfəttişlərini ölkədən qovacağıq. İran öz maraqlarını müdafiə edə bilər. ABŞ sanksiyaları ləğv etməzsə, öhdəliklərimizi yerinə yetirmək üçün heç bir səbəb görmürük” deyə, deputat bildirib.

İran parlamenti "Sanksiyalarla strateji mübarizə haqqında" Qanun layihəsini 2020-ci ilin dekabrında qəbul edib.
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi də dövlət televiziyası vasitəsilə xalqa müraciətində bildirib ki, Qərb İrana qarşı tətbiq olunan qanunsuz iqtisadi sanksiyaları aradan qaldırmalıdır: 
"Lakin İran Qərbə arxayın ola bilməz. Bəlkə onlar heç sanksiyaları ləğv etməyəcəklər? O zaman İran nə etməlidir? Ona görə İran elə bir rəqabətədavamlı iqtisadiyyat qurmalıdır ki, sanksiyaların mənası və əhəmiyyəti qalmasın"(Azərtac).

İranın raket proqramı haqqında danışan Xamneyi deyib ki, bu proqram davam etdirilməli və ölkənin müdafiə qabiliyyəti gücləndirilməlidir: "Tarix İrana göstərib ki, o, hərbi qüdrətini mütləq artırmalıdır".

O, ABŞ Konqresinin binasına silahlı hücum barədə də danışıb, bunu rüsvayçılıq adlandırıb və ABŞ demokratiyasının süquta uğradığını deyib.

Xamneyi qeyd edib ki, İran regionda və dünyada daim sülhün və əmin-amanlığın hökm sürməsinə çalışır, heç bir müharibə istəmir, amma İrana qarşı müdaxilə və təcavüzlər də cavabsız qalmayacaq.