13:50, 09 Sentyabr 2019 (Bazar ertəsi) 49

İŞİD-ə pul göndərməkdə ittiham olunan 3 şəxsin məhkəməsi keçirilir

İŞİD-ə pul göndərməkdə ittiham olunan 3 şəxsin məhkəməsi keçirilir
İttiham aktında yarım milyon manata yaxın puldan danışılır

Bakı Ağır Cinayətlər Məhkəməsində pul toplayıb Suriyada döyüşlərdə iştirak edən BMT-nin terror təşkilatı kimi tanıdığı "İraq-Şam İslam Dövləti” (İŞİD) adlı təşkilata pul göndərməkdə ittiham olunan üç Azərbaycan vətəndaşı ilə bağlı proses keçirilir.

"Azadlıq Radiosu” məlumatına görə, təqsirləndirilən şəxslər Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevdir.

Onlar yarım milyon manatdan çox pulun Azərbaycanda toplanıb, Suriyaya göndərməkdə ittiham olunurlar.

Məlumata görə, təqsirləndirilən şəxslərdən Sahil İbrahimovun qardaşı Samir Suriyada vuruşub.

"O, 2016-cı ilin avqustunda Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedib. İddia olunur ki, Samir Suriyaya gedəndən sonra qardaşı, eləcə də Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən başqa tanışlarıyla əlaqə saxlayıb. Xahiş edib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar”, - radio bildirib.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib. İddia edilir ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər.

İttihamda göstərilib ki, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.

Adları çəkilən üç nəfərə qarşı CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsiylə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. İlqar Ağayevə isə bundan əlavə, CM-in 228.4 (qanunsuz olaraq, qaz silahı, soyuq silah əldə etmə, gəzdirmə və ya satma) maddəsiylə də ittiham verilib.

Sentyabrın 6-da məhkəmə iclasında prokuror ittiham aktında yazılanları elan edəndə 27 yaşlı Namiq Məmmədov və 29 yaşlı Sahil İbrahimov özlərini təqsirli bilmədiklərini deyiblər. Ancaq bundan artıq ifadə verməyiblər.