15:06, 15 Aprel 2019 (Bazar ertəsi) 134

İsmayıl Hüseynovun anası: "Avtomatı başına dirəyiblər ki, erməniyə işlədiyini təsdiqləsin"

İsmayıl Hüseynovun anası:
Hüquq müdafiəçisi Oqtay Gülalıyev Azərbaycanda hərbi qulluqçu İsmayıl Hüseynova istintaq zamanı işgəncələr verilməsi və cəzaçəkmə müəssisəsində damarlarını kəsməsi barədə onun ailəsinə istinadən məlumat yayıb.

Hüquq müdafiəçisinin facebook səhifəsində yazdığı məlumnatda deyilir:

"18 may 2017- ci ildə gecə saat 3 radələrində onu Gəncədə yaşadığı evdən gəlib Tərtərə aparırlar. O, Tərtər hadisələri ilə bağlı vətənə xəyanətdə ittiham olunaraq ağır və dəhşətli işgəncələrə məruz qalıb. Ona verilən işgəncələri anası belə nəql edir: "Onu ayaqlarından asıb başını su ilə dolu qablara salıblar, sonra da suyun içinə elektrik cəryanı buraxıblar, dayanmadan onu huşunu itirənə qədər döyüb ağır işgəncə veriblər, bədəninə tok veriblər. Butulka, şılanqla, lomla zorlayıblar. Kişi cinsiyyət üzvlərinə tok qoşublar. 15 nəfər avtomatı başına dayayıb məcbur edib ki, erməniyə işlədiyini boynuna alsın. Şlanlqa suyu ağzına doldurub boğurmuşlar və s.”. Yanında əsgəri öldürüb "səni də bu günə salacayıq, sənədə imza at” deyiblər. Ona ağır işgəncələr altında saxta sənədə imza atdırıb məhkəmə önünə çıxarıblar. Qapalı məhkəmədə vətənə xəyanətdə ittiham edərək 15 il müddətə azadlıqdan məhrum ediblər…

Bu yaxınlarda İsmayılın kiçik qardaşı həbsxanada ailə görüşündə 3 gün onun yanında qalıb. Bildirir ki, qardaşı aldığı mənəvi travmanı, işgəncələri unuda bilmir və səhərə qədər çabalayaraq "məni boğmayın, öldürməyin” deyə qışqırıb sayıqlayıb,” o qeyd edib.

Aprelin 14-də hüquq müdafiəçisinin ailə üzvlərindən aldığı məlumata görə, İsmayıl Hüseynov "Azərbaycan məhkəmələrində ədalət tapmadığına, çağırışlarına səs verilmədiyi üçün saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində özünə qəsd edib."

"Damaralarını doğrayıb. Vəziyyəti ağırdır. Hadisə yerinə Dövlət Təhlküəsizlik Xidmətinin əməkdaşları gəlib,” hüquq müdafiəçisi yazıb.

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, İsmayıl Hüseynovla əlaqədar məhkəmə araşdırmaları davam etdirilir.

"Bu səbəbdən işlə bağlı məhkəmədən məlumat əldə eməyinizi məsləhət bilirik. Hüseynovun işgəncə ilə bağlı hər hansı problemi varsa qanunvericiliyə uyğun olarq özü və ya doğmaları prokurorluğa və aidiyyatı dövlət qurumlarına müraciət edə bilər,” hərbi prokuroluqdan bildiriblər.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən isə deyiblər ki, İsmayıl Hüseynovun damarlarını doğraması ilə bağlı yayılan məlumatlar tam yalandır.

"Məhbus İsmayıl Hüseynov özünə heç bir xəsarət yetirməyib. Əksinə, o barəsində yalan məlumat yayıldığına görə narazılığını və narahatlığını bildirib,” İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı qeyd edib.

Öz növbəsində, İsmayıl Hüseynovun anası Məhsəti Hüseynova hüquq müdafiəçisnin yazdıqlarını təsdiq edib. O bildirib ki, oğlu həbs edildikdən sonra ona ağır işgəncələr verilib.

"Oğlum 15 mart 2017-ci ildə Hərbi Prokurorluq tərəfindən həbs edildi. Mən onu 1 il görmədim. Dörd ay heç danışmadım. Arada bircə dəfə, deyirdi mama narahat olma, yaxşıyam. Bir ildən sonra mən onu Kürdəxanıda (1 saylı Bakı İstintaq Təcridxanası-red) gördüm. Orada mənə bütün işgəncələr haqqında söylədi. 8 adam onun əlini-ayağını bağlayıb, başına torba keçirib, çılpaq vəziyyətdə onu təpikləyib döyürdülər. Onun bədəninə tokla işgəncə verirdilər. Ayağını bağlayıb asırdılar, başını soyuq vannada suya basırdılar, yəni elektrik cərəyanı keçirirdilər. 15 nəfər avtomatı başına dirəyib, tələb edirdilər ki, erməniyə işlədiyini təsdiqləsin. Avtomatlar boş olduğundan, tətiyi basanda, yalandan edirdilər. Belə tələb edidilər. Ən çox döyülmələr idi. O, tokla işgəncələr, bədəninə yertimək. Deyir, qaranlıq otaqda yatırdım, üstümüzə nəcis, sidik ifrazatları tökürdülər. Elə, sonra nə idi… Nə bilim... Butulka ilə zorlanmalar, lomla, şılanqla. İşgəncələr çoxdur,” o qeyd edib.

Ana deyib ki, oğlu indi zəng edib ki, "onun üstünə düşüblər."

"İndi zəng etdi ki, onun üstünə düşüblər ki, hansı işgəncələr olub ki, sənin bədənin sap-sağlamdır. Hansı işgənsələr olunmayıb ki, mənim oğlumun sağ böyrəyi sağlam idi, bu ilin yanvar ayında sağ böyrəyi operasiya olundu. Hansı işgəncələr olunmayıb ki, oğlum dekabr ayında kiçik oğlum həbsxanada onun yanında yatanda, dedi, mama qardaşıma nə olub bilmirəm, bütün gecəni çabalayıb, qışqırıb ağlayırdı ki, məni boğmayın, yalvarıram. Bimirəm… İndi hansını söyləyim… Nə dərəcəyə çatdırblar ki, bir dəfə Kürdəxanıda özünü asdı. Orada ilk yardım edib, özünə qaytardılar. Burada indi problem var ki, bu uşaq dörd damarını kəsib, doğrayıb. İşgəncə, işgəncə dalınca gedir. Yaxşı, bunun böyrəyini operasiya etdilər. Amma bunun beynini, əsəblərini sakitləşdirə bilməyəcəklər. Belə…” ana qeyd edib.

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub.

Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb.

Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər.

2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Prokurorluq, Müdafiə, Daxili İşlər Nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

"Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ermənistan tərəfinin Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdığı təxribat və terror fəaliyyətinin qarşısı alınıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”, bəyanatda bildirilir.
 
Amerikaninsesi.org