17:25, 12 Fevral 2020 (Çərşənbə) 85

İstifadəçilər YouTube kanalına giriş zamanı problemin olduğunu bildirirlər

İstifadəçilər YouTube kanalına giriş zamanı problemin olduğunu bildirirlər
Fevralın 9-dan Azərbaycan ərazisində YouTube sosial şəbəkəsinin istifadəçiləri problemlərlə üzləşib.

Turan informasiya agentliyinin verdiyi məlumata görə, sosial şəbəkələrin istifadəçiləri bildirirlər ki,  müxtəlif brauzerlərdən giriş zamanı problemlər yaranır.

"İki gündür YouTube saytında videolar açılmır. Elə bildim ki, brauzerdə problem var. Silib yenidən yüklədim yenə eyni şey oldu. Deyəsən, kimsə YouTube-a girişi bloklayır”, Vəli Quliyev adlı istifadəçi Turan-a bildirib.

"Xural” saytının redaktoru Əvəz Zeynallı bildirib ki, o da YouTube-dan istifadə zamanı ptoblemlərlə üzləşib. "Seçki günündən başlayaraq YouTube-da olan kanalımızda canlı efirə çıxa bilmirik. Son günlər İnternetin sürəti kəskin aşağı düşüb. Bizim provayderimiz KaTV olsa da digər provayderlərdə də eyni problem var”, - Ə.Zeynallı deyib.

CityNet provayder şirkəti bloklama haqda məlumatı təkzib edib. "Sadəcə, YouTube kanalının özündə problem var, ona görə də bəzi istifadəçilərdə problem yaranıb”, - provayderin nümayəndəsi Turan-a bildirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Turan-a bildirib ki, son üç gündə YouTube şəbəkəsi ilə bağlı hər hansı problemin haqda məlumat yoxdur. Onun sözlərinə görə, istifadəçilərdən şikayətlər daxil olmayıb.

Media sahəsində ekspert Ələsgər Məmmədli Turan-a bildirib ki, Azərbaycanda İnternet sürəti ilə bağlı problemlər var. İnternetin bəzi hallarda, məsələn 19 oktyabr aksiyası zamanı kütləvi şəkildə provayderlər və mobil operatorlar tərəfindən kəsildi.

"Düşünürəm ki, son günlər parlament seçkiləri ilə bağlı çoxsaylı informasiyalar, video kadrlar paylaşıldığı halda, istisna deyil ki, bu tipli məhdudlaşdırıcı addımlar atıla bilər”, - o vurğulayıb.

Belə bir addımın atılıbsa, bu, qanunun və Konstitusiyanın, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulmasdır.  Bundan əlavə, provayder və istifadəçi arasında müqavilənin şərtlərinin pozulmasıdır.

"Kaspersky Lab” şirkətinin 2018-ci ildə apardığı araşdırmanın nəticələrinə görə, Azərbaycanda İnternet istifadəçilərinin 97%-i müntəzəm olaraq YouTube-a daxil olur. Azərbaycanda İnternet istifadəçilərinin sayı 7 mln. 991 min nəfər təşkil edir. Ümumilikdə, əhalinin 79,8 %-i İnternet istifadəçisidir.